BAKI, 25 may. TELEQRAF
“Dilin inkişafına qayğı inkişaf etmiş ölkələrdə dövlət səviyyəsində həyata keçirilir. Azərbaycanda da dövlətin apardığı dil siyasəti Azərbaycan dilinin qorunmasına və inkişafına xidmət edir. Azərbaycan dilinin saflığının qorunması daha çox nitq mədəniyyəti ilə bağlıdır”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransında deyib.
O vurğulayıb ki, hər kəs ana dilinin zənginliyindən və inkişaf imkanlarından düzgün istifadə etməlidir:
“Azərbaycan elmi isə qrammatikanın müxtəlif şöbələrinə aid kitablar nəşr etməklə bu sahəyə öz töhfəsini verir. Yaxın zamanda morfologiya bölməsi də çap ediləcək. İnanıram ki, alimlər bu işin öhdəsindən uğurla gələcəklər. Bu da Azərbaycan dilinin saflığının qorunmasına şərait yaradacaq”.
O qeyd edib ki, terminologiya üzrə lüğətlərin hazırlanmasına xüsusi diqqət yetirilir.
"Bu vaxta qədər 134 terminoloji lüğət nəşr olunub. Onların sırasında tibb, texniki və hərbi terminlər lüğətləri də yer alır". Terminoloji lüğətlərin hazırlanması davam etdirilir.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib.
Konfrans Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunub. Açılış mərasimində çıxış edən digər iştirakçılar tərəfindən Azərbaycan dilinin tarixi inkişaf yolu, müasir çağırışlar şəraitində dil siyasəti, rəqəmsallaşma dövründə ana dilinin qorunması, gənclərin nitq mədəniyyəti və dilə bağlılığının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ana dilinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycan dilinin saflığının qorunmasına, norma və qaydalarına riayət olunmasına, eləcə də rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsinə mühüm töhfə verir.
Rəsmi hissədən sonra konfrans panel müzakirələrlə davam edib. Panel sessiyalarında ana dilinin milli kimliyin formalaşmasındakı rolu, gələcək perspektivləri və rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin mövqeyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransın məqsədi dövlət dilinin qorunması və inkişaf etdirilməsi, gənclər arasında ana dilinə hörmət və bağlılığın gücləndirilməsi, Azərbaycan dilinin milli kimliyin və milli-mənəvi dəyərlərin formalaşmasındakı rolunun təşviqindən ibarətdir.