BAKI, 15 aprel. TELEQRAF
Aprelin 15-də ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru vəzifəsini icra edən Kanat Musin Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Ali Məhkəmədən Teleqraf-a verilən xəbərə görə, qonağı salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.
Qeyd olunub ki, ədalət mühakiməsinin təkmilləşdirilməsi, iki dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə 2025-ci il 29 oktyabr tarixdə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası ilə Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi əhəmiyyət kəsb edir.
Qonağa ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə tətbiq edilən yeniliklər, hakimlərin seçim prosesi və qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru vəzifəsini icra edən Kanat Musin səmimi qəbula görə təşəkkür edərək, Azərbaycanla hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib. Həmçinin məhkəmə sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin təşviqinin əhəmiyyəti qeyd olunub.
Sonra qonaq Ali Məhkəmənin inzibati binası ilə tanış olub.