BAKI, 13 aprel. TELEQRAF
Maştağada süd və süd məhsullarının emalı müəssisəsində sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəssisə “Adilbərəkət” MMC-yə məxsus olub.
"Müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır.
Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb", - məlumatda qeyd olunub.