BAKI, 10 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişlik rəisi Natiq Seyidəhmədov, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən Agentliyin Taxıl məhsulları müəssisələrində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyi rəisi Natiq Seyidəhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sənayenin inkişafı istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına olan xüsusi diqqət və qayğıdan danışıb, müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.