BAKI, 6 aprel. TELEQRAF
Qeyri-sabit hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin davamiyyəti azalıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Universitetlərdə də eyni durum olduğu hətta bəzi ali məktəblərin tədrisi bu günlük onlayn formatda keçdiyinə dair iddialar var.
Teleqraf tədris prosesi və tələbələrin davamiyyəti ilə bağlı universitetlər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, BDU-da tədris ənənəvi qaydada davam edir, tələbələrin davamiyyəti də qaydasındadır.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, ənənəvi formada olan dərslər ənənəvi formada da davam edir, davamiyyətlə bağlı problem yoxdur.
Azərbaycan Tibb Universitetindən (ATU) da davamiyyətin qaydasında olduğu, dərslərin ənənəvi qaydada olduğu və axsama olmadığı deyilib.
Azərbaycan Diplomatik Akademiyası (ADA Universiteti) bildirib ki, hava şəraiti ilə əlaqədar dərslərin onlayn formaya keçirilməsi ilə bağlı rəsmi qərar yoxdur.
"Amma müəllimlər şəxsi təşəbbüsləri ilə dərslərin onlayn keçirilməsində sərbəstdirlər. Dərslərə davamiyyətdə isə kəskin dəyişiklik yoxdur, normaldır. Bizdə imtahan dövrü artıq bitib. Ümumiyyətlə, universitet tərəfindən müəllimlərdən xahiş olunub ki, fors-major hallarda davamiyyətə görə tələbələrə güzəştə gedilsin. Bu da müəllimlər tərəfindən nəzərə alınır", - nəlumatda qeyd olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Hadıyevin verdiyi məlumata görə, universitetdə tədris ənənəvi formada davam edir:
"Müəllimlər və tələbələr digər günlərdə olduğu kimi dərsdədirlər. Davamiyyət qaydasındadır. Onlayn tədrisə keçməklə bağlı bir zərurət və qərar yoxdur".