BAKI, 6 mart. TELEQRAF

Ramazan ayında restoranlarda təşkil olunan iftar süfrələri yenidən gündəmin əsas mövzularından birinə çevrilib.

Son illər iftar menyularında müşahidə olunan qiymət artımı və standartlaşdırılmış, seçim imkanı olmayan paket təklifləri isə vətəndaşlar arasında narazılıq yaradır. Bir çox hallarda masa üzərində yeməklər artıq qalır, bu da həm israfçılığa, həm də əlavə xərclərə səbəb olur.

Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında ekspert İlqar Hüseynli bildirib ki, iftar menyularının bahalaşması əsasən ərzaq məhsullarında baş verən qiymət artımı ilə əlaqədardır:

“Ötən mövsümlə müqayisədə bu il ərzaq və ət məhsullarında, kərə yağında bahalaşma müşahidə olunur. Eyni zamanda restoran və kafelərin böyük əksəriyyəti icarə əsasında fəaliyyət göstərdiyindən icarə qiymətlərində də artım var. Bu da restoranlardakı qiymətlərə təsir edir. Bəzi hallarda məkan sahibləri də bu fürsətdən istifadə edərək qiymətləri normadan bir qədər artıq qaldıra bilirlər. Lakin bu, bazar iqtisadiyyatı ilə tənzimlənən məsələdir. Tələb və təklif olduqda qiymətlərin artması qaçılmaz olur”.

Ekspert qeyd edib ki, ailə üzvlərinin sayına görə restoranlarda iftar açmaq bir çox hallarda büdcəyə uyğun olmaya bilər:

“Əgər dörd-beş nəfərlik ailəni nəzərə alsaq və həmin ailə üzvləri oruc tutursa, restoranlarda hər gün iftar açmaq kifayət qədər böyük büdcə tələb edir. Bu baxımdan daha məqsədəuyğun variant iftar süfrəsinin ev şəraitində hazırlanmasıdır”.

İlqar Hüseynli iftar menyularında təqdim olunan paket sisteminə də toxunaraq bildirib ki, bu üsul əsasən israfçılığın qarşısını almaq məqsədi daşıyır:

“İftar paketlərinə adətən sulu yeməklər, quru yeməklər, qəlyanaltılar və müxtəlif salatlar daxil edilir. Bu paketlər təklif olunduqda insanlar təqdim edilən menyudan istifadə edirlər. Restoranlar üçün hər kəsin fərqli zövqünü nəzərə alaraq ayrıca yeməklər hazırlamaq həm fiziki baxımdan çətin olur, həm də israfçılığa səbəb ola bilər. Buna görə də konkret iftar paketləri tətbiq olunur. Bu, daha çox marketinq yanaşmasıdır .Bəzi məkanlarda müştərilərə yeməkləri seçmək imkanı verilir, digərlərində isə paket sistemi tətbiq olunur. Müştərilər restoran seçərkən bu məsələləri əvvəlcədən dəqiqləşdirməlidirlər. Ümumilikdə isə bazar iqtisadiyyatında rəqabət mühüm rol oynayır. Əgər restoran sahibi görsə ki, qonşu restorana daha çox müştəri gəlir və bunun səbəbi qiymətlərdir, o zaman qiymətlərini tənzimləmək məcburiyyətində qalacaq”.

Ekspert əlavə edib ki, restoranlarda qiymətlər əsasən məkanın yerləşdiyi əraziyə görə dəyişir:

“Bəzi yerlərdə qiymətlərin baha olmasının səbəbi məkanın şəhərin mərkəzində yerləşməsi, yüksək icarə və kommunal xərclərlə bağlıdır. Məsələn, dəniz mənzərəli və panoramalı məkanlarda icarə haqları yüksək olduğuna görə qiymətlər də avtomatik olaraq artır. Şəhərin kənarına doğru getdikcə isə qiymətlərin tədricən aşağı düşdüyünü görmək mümkündür. Bu, dünyanın hər yerində belədir. Son vaxtlar dörd və ya səkkiz nəfərlik iftar setləri də təklif olunur. Xüsusilə korporativ iftar məclislərində insanlar bu paketlərdən istifadə edərək hər kəsin öz payını ayrıca ödəməsi formasında xidmətlərdən yararlana bilirlər”.