BAKI, 6 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən İmişli Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət və qarşıda duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Dəyirmi masa”da FHN Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının və İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

“Dəyirmi masa”nın keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə müzakirə olunan mövzunun əhəmiyyətindən danışılıb, FHN-in Muğan Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən rayonda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, mövzuya dair tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.