BAKI, 4 mart. TELEQRAF
Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.
Bu barədə Teleqraf-a Hakimlərin Seçki Komitəsindən bildirilib.
Davamlı olaraq aparılan müsabiqə çərçivəsində növbəti test imtahanında müvəffəqiyyət qazanmış 151 namizədlə 30 noyabr 2025-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda elektron qaydada yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə kazus xarakterli 2 sual 4 saat ərzində cavablandırılıb.
Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Qaydalara əsasən, namizədin həm cinayət, həm də mülki sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək, yekun bal müəyyən edilir. Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahanın bu mərhələsindən keçmiş hesab edilir, bu şərtlə ki, onun hər inşa mövzusu üzrə ayrı-ayrılıqda topladığı ballar 40-dan az olmasın.
İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 69 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə - müsahibəyə buraxılıb. Qaydalara əsasən yazılı imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.
Müsahibə mərhələsi 2026-cı ilin 3 aprel tarixindən başlayaraq mərhələli qaydada keçiriləcəkdir.
Eyni zamanda bildirilir ki, növbəti test imtahanı 28 iyun 2026-cı il tarixdə keçiriləcəkdir.
Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.
Müsahibə mərhələsinə buraxılmış hakimliyə namizədlərin kod üzrə siyahısı ilə buradan tanış ola bilərsiniz.