BAKI, 3 mart. TELEQRAF

Avropa İttifaqının (Aİ) enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Azərbaycanla enerji tərəfdaşlığının Avropanın təmiz enerjiyə keçid prosesinə uyğun şəkildə inkişaf etdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, avropalı komissar bu barədə özünün "X" hesabında paylaşıb.

​O qeyd edib ki, tərəflər arasında həm ənənəvi, həm də bərpa olunan enerji sahələrini əhatə edən əlaqələr daha da möhkəmlənir:

​"Bu gün biz qaz tədarükünün təmin edilməsi və metan emissiyalarının azaldılmasından tutmuş, elektrik şəbəkələrinin modernləşdirilməsi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinədək bütün enerji spektri üzrə əməkdaşlığımızı gücləndirdik".

Azərbaycanın yaşıl enerji sahəsindəki imkanlarına diqqət çəkən D.Yorgensen bildirib ki, Azərbaycan və bütövlükdə geniş region bərpa olunan enerji, enerji səmərəliliyi və regional bağlantı sahəsində böyük potensiala malikdir.

Onun sözlərinə görə, Cənubi Qafqaz təmiz texnologiyalar və infrastrukturun inkişafı mərkəzinə çevrilə bilər.
​Aİ rəsmisi Avropa şirkətlərinin də bu prosesə fəal şəkildə dəstək verəcəyini vurğulayıb:

​"Avropa biznesi texnologiya, sərmayə və təcrübəsi ilə bu işə öz töhfəsini verməyə hazırdır. Hökumətlər, maliyyə institutları və özəl sektor olaraq birlikdə işləməklə biz bu ortaq baxışı reallığa çevirə bilərik".