BAKI, 3 mart. TELEQRAF
Avropa Komissiyasının energetika və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorqensen Aİ və Azərbaycan arasındakı enerji tərəfdaşlığını gücləndirmək məqsədilə Bakıya səfər edib.
Teleqraf xəbər verir ki, komissar Yaxın Şərqdə davam edən gərginlik fonunda bu əməkdaşlığın strateji əhəmiyyətinin artdığını vurğulayıb.
O qeyd edib ki, hazırda enerji mənbələrinin diversifikasiyası, enerji təhlükəsizliyi və "təmiz" enerjiyə keçid ən mühüm məsələlərdir:
"Aİ-Azərbaycan enerji tərəfdaşlığını daha da gücləndirmək üçün Bakıdayam. Diversifikasiya, enerji təhlükəsizliyi və təmiz keçid əsas prioritetlərimizdir. Yaxın Şərqdə davam edən gərginlik kontekstində bu məsələlər daha böyük əhəmiyyət kəsb edir".
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.