BAKI, 28 fevral. TELEQRAF
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin Bakı üzrə sonuncu mərhələsi təşkil olunub.
Teleqraf xəbər verir ki, təlimin səkkizinci günündə Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Televiziyada Azərbaycan dilinin saflığının qorunması: Tənzimləyici qurumun vəzifələri və praktiki addımlar" mövzusunda danışıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva "Televiziya aparıcılarının nitqi: orfoepik norma və praktik tələblər" və BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl "Onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri və media məsuliyyəti" mövzusunda təlim keçiblər.
Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.
3 ay (2 ay Bakıda, 1 ay regionlarda) davam edəcək təlimlərin artıq Bakı üzrə mərhələsi yekunlaşıb. Televiziya və radio, və saytlarda çalışan 50-ə yaxın jurnalist, redaktor və aparıcı iştirak edirlər.
Sonda jurnalistlər arasında aparılan monitorinqin nəticələri açıqlanacaq. İştirakçılara sertifikat veriləcək.