BAKI, 28 fevral. TELEQRAF
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi münasibətilə mediatur təşkil olunub.
Teleqraf xəbər verir ki, mediaturda “112” qaynar xəttinin təşkili ilə bağlı jurnalistlərə məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 fevral tarixli Fərmanı ilə yaradılan “112” qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətini informasiya ilə təmin edən, 24/7 rejimində fəaliyyət göstərən fövqəladə zəng mərkəzidir. Xətt yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə və digər istiqamətlər üzrə operativ əlaqələndirməni həyata keçirir.
Bununla yanaşı, “112” qaynar xətti Nazirliyin digər fəaliyyət sahələri üzrə daxil olan müraciətlərin də operativ cavablandırılmasını təmin edir.
Qeyd olunub ki, müraciətlərin qəbulu və cavablandırılması fasiləsiz həyata keçirilir. Yanğın, qəza, axtarış-xilasetmə və digər fövqəladə hallarla bağlı zərurət yarandıqda vətəndaşlar “112” xəttinə müraciət etməlidirlər. Azərbaycan Respublikası ərazisində sabit və mobil telefonlardan, eləcə də telefon-avtomatlardan bu nömrəyə ödənişsiz zəng etmək mümkündür. GSM nömrə blok edildikdə, balans olmadıqda və ya danışıq kartı bitdikdə belə “112” xətti ilə əlaqə saxlamaq mümkündür.
Bildirilib ki, “112” qaynar xətti hazırda vətəndaşların, eləcə də ölkəyə gələn qonaqların təhlükə anında operativ yardım aldığı mühüm mərkəzdir. İl ərzində xəttə orta hesabla 2,2 milyona yaxın, gündə isə 6 mindən artıq zəng daxil olur. Müraciətlər əsasən yanğın, partlayış, yol-nəqliyyat hadisələri, tikinti və sənaye sahələrində təhlükəsizlik qaydalarının pozulması və digər hallarla bağlıdır.
Zənglərin qəbulu, operativ emalı və yönləndirilməsi üçün Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin tərkibində fəaliyyət göstərən “112” Çevik Reaksiya İdarəsi mütəmadi olaraq müasir avadanlıqlarla təmin edilir, yeni nəsil çoxfunksiyalı proqram təminatları tətbiq olunur. Yenilənmiş sistem zənglərin avtomatik qəbulu və qeydiyyatı, məlumatların elektron kartlara daxil edilməsi, ünvanın xəritə üzərində müəyyənləşdirilməsi və hadisə yerinə ən yaxın qüvvələrin operativ cəlb olunmasını təmin edir.
Eyni zamanda, sistem məlumat bazasında axtarış aparmağa, müxtəlif hesabatlar hazırlamağa və digər əməliyyatları yerinə yetirməyə imkan verir.
“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğun olaraq dispetçer-operator heyətinin nəzəri biliklərinin artırılması və praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi təlimlər keçirilir. Təlimlər zamanı qanunvericilik aktlarının, normativ sənədlərin və texniki vasitələrin düzgün tətbiqi məsələlərinə xüsusi diqqət yetirilir.