BAKI, 28 fevral. TELEQRAF
“Yarandığı vaxtdan etibarən “112” qaynar xəttə 30 milyondan artıq zəng daxil olub. “112” qaynar xəttinə gündəlik 6 min müraciət daxil olur. Amma təəssüf ki, daxil olan zənglərin mütləq əksəriyyəti əsassız, yalan xarakterli müraciətlərdir”.
Bunu Teleqraf-ın sualına cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov deyib.
O bildirib ki, bu cür əsassız zənglər operativ müdaxilə tələb olunan, insan həyatının təhlükə ilə üzləşdiyi hallarda operativ qrupların hadisə yerinə gecikməsinə səbəb ola bilər.
“Bütün vətəndaşlardan xahiş edirik ki, “112” qaynar xəttinə yalnız real və təhlükəli vəziyyətlə üzləşdikdə müraciət etsinlər”, – Nizami Əsədov qeyd edib.
İdarə rəisi həmçinin vurğulayıb ki, yalan müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələri maarifləndirmə tədbirləri həyata keçirir. Yalan müraciətlərə hüquqi qiymət verilməsi üçün aidiyyatı qurumlara yönləndirilir.