BAKI, 28 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı müxtəlif təşkilatlarda silsilə tədbirlər keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirlərdə icra hakimiyyətləri, idarə, müəssisə və təşkilatların mülki müdafiə işinə məsul rəhbər vəzifəli əməkdaşları, təhsil müəssisələrinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdə çıxış edən natiqlər Ümumdünya Mülki Müdafiə Gününün tarixinə qısa ekskurs edərək bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının müvafiq qərarı ilə hər il martın 1-i bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildə Azərbaycan Respublikası bu nüfuzlu qurumun üzvlüyünə qəbul olunub və sözügedən mötəbər beynəlxalq təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir.

Tədbirlərdə Ümummilli Lider tərəfindən ölkədə mülki müdafiə işininin etibarlı şəkildə təşkili olunması ilə bağlı görülən işlərin müstəsna əhəmiyyətindən bəhs edilib, bu sahənin daim diqqətdə saxlandığından söz açılıb. Vurğulanıb ki, Dahi Liderin mütərəqqi siyasətini uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əhalinin mühafizəsinin etirbarlı təşkili, fövqəladə hallarla bağlı vətəndaşların hazırlığının yüksək səviyyədə təmin edilməsi məsələləri mülki müdafiə qurumları qarşısında əsas vəzifə kimi qoyulub. Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi vəzifəsinə ilk dəfə olaraq Azərbaycandan olan nümayəndənin seçilməsi isə ölkəmizin həm bu sahəyə verdiyi əhəmiyyətindən, həm də durmadan artan qlobal nüfuzundan xəbər verir. Vurğulanıb ki, Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində mülki müdafiə işinin təşkilinin yüksək səviyyədə təmin edilməsi məqsədilə üzərinə düşən vəzifələrin icrasını sistemli şəkildə həyata keçirir.

Tədbirlərdə, həmçinin fövqəladə hallar zamanı davranış, ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyalarından danışılıb.

Tədbirlərdə, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunub, suallar cavablandırılıb.