BAKI, 27 fevral. TELEQRAF

Xocalının Xanabad kəndində ilin sonunadək 161 ev tam hazır vəziyyətə gətiriləcək. Hazırda 120 ev öz sakinlərini gözləyir. İlin sonunadək isə daha 41 ev tikiləcək.

Teleqraf-ın Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

O bildirib ki, Xocalının Xanabad kəndində ilk köç fevral ayında reallaşıb və ilkin mərhələdə bura 154 nəfərdən ibarət 38 ailə qayıdıb:

“Hazırda burada yaşayış mövcuddur. Preziden İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə Xanabad kəndində oldular və sakinlərlə görüşdülər.

Burada insanların rahat, təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Təbii ki, burada söhbət sosial infrastrukturun qurulmasından gedir. Elektrik, qaz xətlərinin bəziləri bərpa olunub, bəzləri yenidən çəkilib. Optik xətlər də çəkilib. Hazırda Xanabad kəndində üç transformator məntəqəsi var. İnsanların içməli su ilə təminatını yaxşılaşdırmaq üçün su ambarları, subartezia quyuları təmir olunub”.

A.Telmanqızı qeyd edib ki, Əsgəran qəsəbəsi ərazisində bir nasos stansiyası tikilir:

“Xanabad kəndinin girəcəyində Xanabad kompozisiyası yaradılıb və burada gölün sahilində park salınıb. Eyni zamanda, estakada inşa olunub, Azərbaycanın dövlət bayrağı bu parkda ucaldılıb. Kəndə həyat qayıdıb və vacib olan məsələlərdən biri də insanların məşğulluğu, onların işlə təminat məsələsidir ki, bu məsələ prioritet olaraq qalır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər aidiyyəti üzrə müraciət edəcəklər. Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər üçün də şərait yaradılacaq”.

O əlavə edib ki, kəndə bundan sonra da köç prosesi davam edəcək.