"2025-ci ildə məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artmış, amma buna baxmayaraq, hakimlərimizin peşəkarlığı, yüksək məsuliyyət hissi və çevikliyi sayəsində işlərə vaxtında baxılması təmin edilmişdir. Bu baxımdan hakimlərimizin ədalət mühakiməsinin həyata keçirilməsindəki fəaliyyəti kifayət qədər effektiv olmuşdur".

Teleqraf-ın xəbərinə görə, bu barədə Məhkəmə-Huquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Hakimlərin ikinci Forumunda deyib.

Bildirib ki, bununla yanaşı, məhkəmələrin yüksək ixtisaslı kadrlarla təmin olunması istiqamətində işlər davam etdirilib: "Şəffaf seçim mexanizmi əsasında 83 yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib. Bu il isə hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır. Bu, həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcəkdir".