BAKI, 10 fevral. TELEQRAF

II Yazı

Əvvəli burada

Azərbaycan Türk Tələbələr Birliyinin sədri Çingiz bəyin mühacirətdəki növbəti aktiv dövrü 1950-ci illərdən etibarən başlayıb.

Azərbaycan dərnəklərindəki fəaliyyəti

1949-cu il fevralın 1-də Ankarada yaşayan mühacir azərbaycanlılar bu gün də fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin əsasını qoyublar. Dərnəyin qurucuları pilot Məhəmməd Altunbay, Cümhuriyyət tələbələrindən Dr. Həmid Ataman və kimyagər-dəriçi Dr. Əziz Alpaut olub. Təsis qurultayında H. Ataman dərnəyin ilk sədri seçilib. Qurumun fəxri sədri isə Məhəmmədəmin Rəsulzadə olub. Həmin gün Çingiz Göygöl dərnəyin müşahidə şurasına üzv seçilib. Dərnəyin nimzamnaməsinə görə əsas məqsədləri bunlardı: Azərbaycanı, onun tarixini, mədəniyyətini tədqiq etmək və yaymaq; Kitab, dərgi və qəzet çıxarmaq, mədəni toplantılar keçirmək; Möhtac azərbaycanlılara maddi-mənəvi yardım etmək.

Keçmiş ədavəti unudan Çingiz bəy dərnəyin ilk ilində öz dəstəyini əsirgəməyib. Məsələn, dərnəyin 2 iyun 1949-cu ildə baş tutan Gar gazinosundakı ilk yeməkli gecəsi ilə bağlı mətbuatda yer alan elanda təşkilatçılar arasında “İ. Cengiz Gökgöl” imzasını görürük.

Azərbaycan Kültür Dərnəyinin qeydiyyat dəftərində Gökgöl İslam Cengiz adı üç qurucu üzvdən sonra dördüncü sıradadır. Qeydiyyat tarixi 1 mart 1949-cu ildir. Müvafiq xanada dərnəkdən istefa verdiyini, amma 02.12.1957-ci ildə yenidən qeydiyyata düşdüyü bildirilib.

Ehtimal ki, Göygöl dərnəkdən 1952-ci ildə istefa verib, çünki həmin ilin fevralın 8-də Ankarada Azərbaycan Milliyyətçilər Dərnəyi adlı yeni təşkilat təsis edilib. Nizamnamədə dərnəyin qurucuları kimi bu şəxslər göstərilib: Əhməd Ulusoy (mühasib), Əli Taşkənt (mühəndis), Çingiz Göygöl (inşaatçı), Hidayət Turanlı (mühəndis), İsa Göçər (mühəndis), İskəndər Xoyxan (hüquqşünas), Qədir Dilican (mühəndis), Məhəmməd Altunbay (pilot), Nağı Bayramgil (mühasib), Niyazi Kürdəmir (müəllim), Səfvət Zərdabi (mühəndis). Dərnəyin sədri Rəsulzadəyə müxaliflik edən Hidayət Turanlı olub. Lakin Çingiz bəyin bu dərnəklə olan münasibətləri də qısa müddət davam edib. Çünki 1953-cü ildə keçirilən qurultayı tanımayan qrupda yer alan Çingiz bəy ayrı bir toplantı keçirərək Həsən bəy Zərdabinin oğlu Səfvət bəyi sədr seçdiklərini elan ediblər. Lakin məhkəmə Hidayət Turanlının sədrliyini tanıyıb. Görünür, bundan sonra Çingiz bəy yenidən Azərbaycan Kültür Dərnəyi ilə münasibətlərini bərpa edib.

Göygöl sonrakı illərdə qurulan dərnəklərlə də münasibət saxlayıb. Məsələn, 6 mart 1959-cu ildə Azərbaycan Kültürünü Tanıtma Dərnəyi ilə Azərbaycan Yardımlaşma Dərnəyinin Məhəmmədəmin Rəsulzadənin anım günü ilə bağlı keçirdikləri tədbirdə onun məktubu oxunulub. Çingiz bəy Azərbaycan uğrunda çalışan insanların anım günlərinin qeyd edilməsinin önəmli olduğunu, ilk olaraq Fətəlibəyli, ardınca Rəsulzadə ilə bağlı bu mərasimin keçirilməsini alqışladığını, eyni zamanda Xəlil bəy Xasməhəmməd, Şəfi bəy Rüstəmbəyli, Əlimərdan bəy Topçubaşı, Əbdüləli bəy Əmircan kimi dövlət xadimlərinin də xatirə günlərində toplanmağın əhəmiyyətindən yazıb.

Eləcə də Azərbaycanı Tanıtma Dərnəyinin 28 may 1967-ci ildə Ankaradakı “Rüyam” lokantasında keçirdiyi 28 May tədbirində Çingiz Göygöl də iştirak edib, istiqlalın tarixi haqqında nitq söyləyib. Məzkur dərnəyin 18 aprel 1970-ci ildə Ankarada “Bulvar Palas” hotelində keçirdiyi “Üçüncü Böyük Azərbaycan Gecəsi”ndə iştirak edib. Bu dərnəyin 3 iyul 1971-ci ildə keçirilən qurultayında Çingiz bəy intizam divanına üzv seçilib.

Mühacir dərgilərdəki fəaliyyəti

Çingiz Göygölün publisistik fəaliyyətinə 1952-ci ildə Ankarada çap olunan “Türk izi” dərgisinin ilk sayından etibarən rast gəlirik. May ayında işıq üzü görən birinci sayda onun “İ. Cengiz” imzası ilə “Ağaoğlu Əhməd bəy” adlı məqaləsi dərc olunub. Yazıda Əhməd bəyin bioqrafiyasının mühüm məqamlarına nəzər yetirilib. Dərginin ikinci sayında isə onun bu dəfə “Cengiz Gökgöl” imzası ilə “Milli dava” adlı məqaləsi yer alıb. Bu yazısında o, milli mübarizənin necə aparılmasının formulasını göstərib, milli birlik fikrini aşılayıb. Dərginin növbəti saylarında onun “Milli təsanüd ehtiyacı”, “Mərhum Hacı Zeynəlabidinin ölüm ili münasibətilə”, “Azərbaycan türklüyünün kommunizmlə mücadiləsi”, “Mərhum Ziya Gökalpı anarkən”, “Matəm günümüz” kimi yazıları çıxıb. Ziya Gökalpla bağlı qələmə aldığı məqaləsində Gəncədəki dövrünə aid maraqlı məlumatlar verib:

“Qəhrəman Gəncə şəhərində texnikumda tələbə ikən müəllimim C.A-nın direktivi ilə qurulan milli gizli təşkilatımız tez-tez toplantılar keçirirdi. Türkçü-millətçi olan təşkilatımızın sədri sevgili dostum Əhməd Mirzəzadə idi. (Bolşeviklərin güllələdiyi dostumu rəhmətlə anıram). C.A. Sibirdən sürgündən qayıtdığı zaman Əhməd onunla birbaşa təması kəsməyimizi bildirmişdi. Biz vasitəli olaraq görəcəyimiz işlər haqqında təlimat alırdıq. Lakin xocamız çox cəsurdu, məktəbdə bizə yaxınlıq və təmas göstərirdi. Məktəbimizdə bütün millətçi yoldaşlar Ziya Gökalpın məşhur “Rusiya dağılıb viran olacaq, Türkiyə böyüyüb Turan olacaq” misrasını əzbərləmişdi... Xocam C.A.-nın “Ziya Gökalpı bilməyənlər türklüyün cahilidir” sözü Əhmədin mənimsədiyi fikirlərin başında gəlirdi...”.

“Mücahid” dərgisindəki yazıları

Azərbaycan Milliyətçilər Dərnəyinin rəsmi orqanı olan “Türk izi” dərgisi ilə münasibətləri kəsildikdən sonra Çingiz bəy “Mücahid” adlı dərgini təsis edib. Jurnalın ilk sayı 1955-ci ilin iyulunda çıxıb. Sahibi Çingiz Göygöl, nəşriyyat müdiri Səfvət Zərdabi olub. Jurnalın məqsədi məhkum Türk ellərinin mücahidlərini bir araya gətirmək, müştərək düşmənə qarşı mübarizə aparmaq olub. Jurnalda Çingiz Göygöllə yanaşı Mustafa Vəkiloğlu, Səfvət Zərdabi, Niyazi Kürdəmir, Məhəmməd Altunbay, Lətif Elsevər və digər müahcirlərin yazıları dərc edilib. Jurnalın 59 sayı işıq üzü görüb. Sonuncu sayı 1964-cü ilin noyabrında çıxıb.

“Mücahid”də Çingiz bəyin “Məhkum millətlərin istiqlallarının tanınması”, “Kommunistlərin yeni taktikası”, “Türkiyə Cümhuriyyətinin 32-ci ili”, “Əbdürrəhman Ağaoğlu”, “Böyük qətliamın ildönümü”, “İstiqlalın ildönümü”, “Mirzə Abayın iki əsəri”, “Cabbar Ərtürkün əsərləri”, “15 sentyabr 1918”, “İki şəxs, iki qayə”, “28 may nədən əhəmiyyətlidir?”, “Cəfər Seydahməd bəy”, “Ceyhun bəy Hacıbəylinin anarkən” və s. yazıları işıq üzü görüb.

“Mücahid”in 1955-ci ilin dekabr ayında çıxan 5-ci sayından etibarən o, uzun müddətdən sonra İslam Hacızadə imzası ilə keçmiş mücahidlər haqqında silsilə yazılara başlayıb və ilk olaraq gəncəli Həsən Binhektarın həyat hekayəsini təqdim edib.

Yazımızın birinci hissəsində İslam Hacızadənin Azərbaycan Türk Tələbə Birliyinin sədri olduğuna əminliyimizi ifadə etmişdik. Bu məqaləni hazırlayarkən onun iki yazısında bu faktı təsdiqlədiyinə şahid olduq. “Mücahid”in 5-ci sayında işıq üzü görən Əhməd bəy Ağaoğlunun vəfat edən oğlu Əbdürrəhman bəy haqqındakı məqaləsində bu sətirləri yazıb: “Dostlarımın yeni ilini təbrik etmək üçün adres kataloqumu gözdən keçirərkən qarşıma çıxan vizitkalar məni iyirmi il geriyə apardı. Film lenti kimi beynimdə əks olunan səhnələr məni sədri olduğum Azəri Türk Tələbə Birliyinin möhtəşəm balolarından birinə apardı. Məryəm, Leyla, Züleyxa, Dilşad, Vala, Firuzə, Sürəyya, Qəmər, Almas və sairlə Niyazi, Məhəmməd, Lətif, Fuad, Saleh, Zəki, Məhəmmədəli, İsa, Həsən və sair kimi qız və oğlan yoldaşlarımız Azərbaycan gecələrinə ciddən xüsusi rəng qatırdılar”.

Adları çəkilən şəxslər ötən yazıda təqdim etdiyimiz fotodakı şəxslərin kimliklərinə də aydınlıq gətirmiş olur.

Çingiz bəy Krım türklərinin lideri Cəfər Seydahməd Krımər haqqındakı xatirə yazısında da bu faktı doğrulayıb: “Səhv etmirəmsə otuz il əvvəl idi. Cəfər bəyi İstanbulda Kurtuluş bölgəsində mərhum dayım Azərbaycan Cümhuriyyətinin ədliyyə naziri Xəlil bəy Xasməhəmmədlinin evində tanımışdım... İllər keçdi, Azəri Türk Tələbə Birliyinin sədri olaraq İstanbulda idim. 28 May – Azərbaycanın İstiqlal Günü münasibətilə keçirilən törənə dəvətli idi...”.

Artıq heç bir şübhə yeri qalmır ki, Çingiz bəy İstanbula gəldikdən qısa bir müddət sonra mühacirətdə ali təhsil alan azərbaycanlı tələbələrin təşkilatına sədrlik edib.

Çingiz bəyin Türkiyədə çıxan bəzi millətçi dərgilərdə də məqalələri işıq üzü görüb.

Göygölün qızı Türkiz xanım jurnalist Hafiz Əhmədova verdiyi müsahibəsində atası haqqında bəzi xatirələrini bölüşüb: “Doğulduğumdan bəri, atamın Azərbaycanın Gəncə şəhərində dünyaya göz açdığını, böyüdüyünü, bolşevik hücumlarını, ailəsinin başına gələnləri dinləyərək böyüdüm. Evimizdə həmişə Azərbaycan musiqilərinə qulaq asardıq, Azərbaycan yeməkləri bişirərdik. Evimiz Azərbaycandan Türkiyəyə köç etmiş dostlarımızla dolub-daşardı. Atamız həmişə bizə ailəsi, qonşuları və Gəncə şəhəri ilə bağlı maraqlı məlumatlar danışardı. “Sərdar bağı” ya da “Xan bağı”, “Maral gölü”, “Hacıkənd”, “Gökgöl” və ya “Göygöl”, Gəncə qalası haqqında məlumatları dinləyərək böyüdük. Atam deyirdi ki, sovet hakimiyyətinin işğalından sonra hər şey dəyişdi. Bildiyiniz kimi, atam “Türk izi” və “Mücahid” adlı jurnallar nəşr etdirib. Atam Azərbaycanın Sovet hakimiyyətinin işğalından azad olub, müstəqillik qazanacağı günün xəyalı ilə yaşayırdı. Atamın anası, bacısı və qardaşı Məcidin taleyinin necə olduğunu bilmirdik. Atam onlara görə dərin kədər hissi keçirirdi. Atam Azərbaycanın eşqi ilə yaşadı və Azərbaycana olan həsrəti ilə gözlərini əbədi olaraq yumdu. Biz uşaq olarkən atamgil Azərbaycan dərnəkləri, Azərbaycan günləri təşkil edərdilər. Atam Azərbaycan rəqslərini də çox gözəl bacarırdı. Anam isə həm xaricdən, həm də qəlbən çox gözəl bir xanım idi. O, əsilzadə bir xanım idi. Möhtəşəm ana idi. Atam-anamız bizə oxumağı, peşə sahibi olmağı, həyatda uğur qazanmağı, öz ayaqlarımız üzərində durmağı öyrətdilər. Atam oğul övladı olmadığına görə əvvəllər bir az kədərlənirdi. Amma yaşa dolduğu zaman fikirləri belə dəyişdi: “Mən nə axmaq adam olmuşam, oğlan övladım olmadığına görə kədərlənmişəm. Allah mənə övladların ən yaxşısını, brilyant kimi dörd qızı verib. Allaha min dəfə şükür olsun”- deyərdi”.

Çingiz bəy 31 yanvar 1986-cı ildə vəfat edib.