BAKI, 9 fevral. TELEQRAF

I Yazı

Azərbaycan mühacirət tarixində “Mücahid” dərgisinin qurucusu kimi tanınan Çingiz Göygöl 1909-cu ildə Gəncə şəhərində doğulub. Türkiyənin “Hürriyyət” qəzetində vəfatı ilə bağlı verilən elanda atasının adı Muxtar, anasının adı Yaqut kimi göstərilib. Anası Məşədi Yaqut xanım (təx. 1870-02.07.1942) əvvəlcə Məşədi Yusiflə evli olub və bu nikahdan üç övladı dünyaya gəlib: Mirzə Hacızadə (1897-1981), Məcid Hacızadə (1899-1930-dan sonra) və Mahtaban xanım (təx. 1900-1970).

Mirzə Hacızadə Cümhuriyyət tələbəsi olub, Almaniyada təhsil alıb, sonra Türkiyəyə gəlib, ömrünü İstanbulda başa vurub. Məcid bəy də avropada oxuyub, daha sonra vətənə qayıdıb, 1930-cu ildən sonra Özbəkistanda itkin düşüb. Məşədi Yusif 1901-ci ildə vəfat etdiyi üçün dövrün adətlərinə görə Yaqut xanım ərinin bacısı oğlu Muxtar Hacızadə ilə evləndirilib. Bu evlilikdən də üç övlad dünyaya gəlib: Aslan bəy (1905-1930), Şölə xanım (1907-1979) və İslam bəy (1908-1986).

Bu yazıda bəhs edəcəyimiz şəxs məhz İslam Çingiz bəydir.

Prpfessor Ədalət Tahirzadənin yazdığına görə, İslam bəy orta təhsilini Gəncədə alıb, 1926-1927-ci illərdə Gəncə şəhər komsomol komitəsində işə düzəlib. Burada qısa müddət çalışıb, çünki ailə həyatı qurub Məşhəd şəhərinə köçən bacısı Mahtaban xanımı görmək üçün İrana yollanıb. Lakin sərhədlər bağlandığı üçün bir daha Azərbaycana qayıda bilməyib. Bundan sonra İslam bəy məşəqqətli yollarla Türkiyəyə gəlib.

Maraqlıdı ki, İslam bəyin həyat hekayəsi geniş şəkildə yazılmadığı üçün onun həm Azərbaycandakı, həm İrandakı həyatı, eləcə də Türkiyəyə gəliş hekayəsi ilə bağlı əlimizdə konkret faktlar yoxdur. Amma Türkiyə mətbuatından əldə etdiyimiz bir xatirə bəzi ehtimallar yarada bilir. Belə ki, Reha Oğuz Türkqanın 1942-ci ildə nəşr etdiyi “Bozkurt” adlı jurnalın 2-ci sayında “Azərbaycanlı İ.G” imzası ilə “Rusiyadan necə qaçdım?” adlı xatirə yer alıb. Jurnalın 4-cü sayında isə xatirələrin ikinci qismi dərc olunub. Fikrimizcə, bu şəxs sonralar qardaşı Mirzə Hacızadə kimi Türkiyədə Göygöl soyadını alan İslam bəyin ad və soyadının qısalmışıdır. Müəllif xatirəsinə bu cümlələrlə başlayır:

“1930-cu ildə Rusiyadakı universitetdən məzun olub torpaq məhsulları və tiryək əkimi mühəndisi kimi işə başladığım zaman hələ 20 yaşında bir gənc idim. Bu ərəfədə məni əsgər apardılar. Rusiyadakı hər kəs kimi buna çox sevinmişdim. Çünki çöldə çox sıxıntı çəkirdik, halbuki əsgərlikdə aclıqdan ölmək ehtimalı yoxdu. Bəxtim gətirdi, əsgərliyimi İran sərhədinə yaxın bir yerdə çəkdim. Əsl təyinatım sərhədə yaxın bir yerdi, lakin türk olduğum üçün təyinat yerim dəyişdirilmiş, daha içəri bir yerə göndərilmişdim. Tərxis olunduğum zaman qəti qərarımı vermişdim: Qaçacaqdım! Türk olanlara həyat haqqı verməyən bu ölkədən qaçacaq, mənim qanımdan olan insanların yaşadığı Türkiyəyə sığınacaqdım”.

Azərbaycanlı İ.G. adlı bu şəxs Aşqabad üzərindən İrana gedib, daha sonra oradan Türkiyəyə mühacirət edib. Ola bilsin ki, ilk hədəf kimi İranı seçməsi bacısının orada yaşaması ilə bağlı olub.

Sonralar Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmir haqqında qələmə aldığı nekroloq yazısında İslam bəy Türkiyəyə 1928-ci ildə gəldiyini bildirib. Bu baxımdan “İ.G”-nin İslam bəy olub-olmaması tam şəkildə iddia oluna bilməz.

İslam bəy adlı bir şəxsə mühacirət mətbuatında da rast gəlirik: Azərbaycan Türk Tələbə Birliyinin sədri kimi. Bu şəxsin məhz İslam Hacızadə olduğuna isə şübhəmiz yoxdur, çünki onun təşkilatdan ixrac edilməsinin səbəbi yuxarıda bəhs etdiyimiz Gəncədə komsomol təşkilatında işlədiyinin üzə çıxması olub.

Azərbaycan Türk Tələbə Birliyindəki fəaliyyəti

Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətə gedən gənclərin qurduqları ilk təşkilat Azəri Türk Gənclər Birliyi olub. Bu qurumun ilk sədri Cümhuriyyətin Zəngəzurdan olan millət vəkili Məhəmmədsadıq Aran idi. 1920-ci illərin sonunda Aranla Məhəmmədəmin Rəsulzadə arasında problemlərin yaranması təşkilata da təsirsiz ötüşməyib. Nəticədə Aran bu təşkilatdan ixrac edilib. Məhəmmədsadıq bəyin iddiasına görə, Azərbaycan Türk Tələbə Birliyi 1929-cu ildə məhz onun rəhbəri olduğu təşkilatı parçalamaq məqsədilə qurulub, bu işi Rəsulzadə və Mirzəbala Məhəmmədzadə qrupu Əhməd Cəfəroğlu vasitəsilə ediblər.

25 dekabr 1930-cu ildə ATTB-nin təsisçiləri ümumi yığıncaq keçirərək beş nəfərlik idarə heyəti seçiblər: Kamal Qənizadə (rəis), Səlim Rəfiq (katib), Əli Əlizadə (vəznədar), Hakimə Zeynəlzadə (üzv), Əli İbrahim oğlu (üzv). Nəzarət Komissiyasının üzvləri isə bu şəxslər olublar: İsa bəy Məhəmmədzadə, Teymur bəy Rəfibəyli, Heydər oğlu Həsən.

“Bildiriş” qəzetində verilən məlumata görə İstanbulda təhsil alan azərbaycanlı tələbələr 8 yanvar 1931-ci ildə ümumi yığıncaq keçirib proqram qəbul etməklə birliyi təsis ediblər. Birliyin başlıca məqsədi bunlar olub: Birlik heç bir şəkildə siyasətlə məşğul olmur; Birlik müavinətə ehtiyacı olan tələbələrə yardım edir; Birlik üzvünün mədəni inkişafının yüksəlməsinə çalışır.

25 maddədən ibarət olan ATTB proqramı İstanbul Vilayəti-Cəliləsi tərəfindən qəbul edilib.

Göründüyü kimi müxtəlif mənbələrdəki bilgilərə görə təşkilat 1929-1931-ci illər aralığında təşəkkül tapıb. Mətbuatda bəzi hallarda Azərbaycanlı Tələbələr Birliyi kimi adı çəkilib.

Dövrün mətbuatında Azərbaycanlı Tələbələr Birliyinin keçirdiyi tədbirlər haqqında bilgilər verilib. 1933-cü il fevral ayının 19-da tələbələr ziyafət təşkil ediblər. “İstiqlal” qəzeti bu barədə yazıb:

“İstanbulun ali məktəblərində oxuyan Azərbaycanlı Tələbələr Birliyinin üzvləri fevralın 19-da günortadan sonra Bəyoğlu “Tokatlıyan” hoteli salonunda mükəlləf şəkildə musiqili-rəqsli çay ziyafəti tərtib eyləmişdir. Böyük salonun qapısı üzərində Türkiyə və Azərbaycan bayraqları asılmış və ziyafət Türkiyə və Azərbaycan milli marşları ilə başlamışdır. Hər iki marş ayaqda dinlənmiş, ondan sonra müvəffəqiyyətlə Azərbaycan, Türkiyə və Krım milli rəqsləri icra edilmişdir. Azərbaycan və Krım musiqiçiləri milli havalar çalmış, milli qiyafətlərdə edilən milli rəqslər çox alqışlanmışdır. Xüsusilə pianoda milli azəri havaları çalan və milli şərqilər oxuyan azərbaycanlı tələbə Dilşad xanım çox alqışlanmışdır. Ziyafətdə azərbaycanlı, türküstanlı və krımlı türklərdən başqa İstanbulun bir çox məşhur simaları, bəzi millət vəkilləri, universitet tələbələri iştirak edirdilər”. Şəxsi arxivimizdə bu çay ziyafəti ilə bağlı nadir bir fotoşəkil mövcuddur. Həmin fotoşəklin arxasında birliyin möhrü və ATTB rəisinin imzası var. İmzada İslam və fikrimizcə, Cengiz sözü açıq şəkildə görünür. Aydın olur ki, İslam bəyin rəisliyi dövründə təşkilat müxtəlif tədbirlər keçirib. Məsələn, 1933-cü ildə Cümhuriyyətin 15-ci ildönümü ilə bağlı təşkil edilən tədbirdə niqt söyləyən İslam bəy yenidən istiqlalı əldə edənə qədər mübarizə aparacaqlarını bildirib, gəncliyin istiqlalı qazandıran mürşidlər qarşısında hörmətlə əyildiyini vurğulayıb.

İslam bəyin sonradan Cengiz (Çingiz) adını ön plana çıxarmasının səbəbini bilmirik. Ola bilsin ki, əvvəlcə Cengiz adını soyad kimi qəbul edib, 1934-cü ildə Türkiyədə çıxan soyadı qanunundan sonra Mirzə bəy kimi Göygöl soyadını götürüb. Təsadüfi deyil ki, “Azərbaycan yurd bilgisi” dərgisinin 1933-cü il tarixli 19-20-ci qoşasayında “Şərqi Türküstan haqqında bir konfrans” adlı məqalə dərc edilib. Yazıya görə, Azərbaycanlı Tələbələr Birliyi 27 iyul 1933-cü ildə saat 17-də “Birlik” salonunda “Çini Türküstan türklərinin ictimai vəziyyəti haqqında” konfrans verib. Tədbirdə Azərbaycan mühacirətinin üzvləri, azərbaycanlı tələbələr, Milli Türk Tələbə Birliyinin üzvləri, Türküstan və Krım gəncləri iştirak ediblər. Tədbiri açan ATB sədri İ. Çingiz bəy təşkilatın məqsədi haqqında məlumat verdikdən sonra sözü sabiq Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, “Yeni Turan” qəzetinin baş mühərriri Məhəmmədsadıq Arana verib.

Burada “İ. Çingiz” olaraq verilən şəxs, şübhəsiz ki, İslam Çingiz, yəni İslam Hacızadədir. Rəsulzadənin Almaniyada çıxartdığı “İstiqlal” qəzetindəki bir xəbər isə ehtimallarımızı tamamilə qüvvətləndirir. Belə ki, “İstiqlal”ın 1934-cü il tarixli 54-cü sayında verilən xəbərə görə, 25-30 nəfər İslam bəyi protest edərək onu birliyin yanlış və zərərli şəkildə idarə etməklə yanaşı Azərbaycandakı vəzifəsi ilə bağlı sərt şəkildə ittiham ediblər: “Protestə imza atan tələbələrdən bir neçəsinin şəxsən şahid olduqlarından dolayı qətiyyətlə söylədiklərinə görə Azərbaycanlı Tələbələr Birliyi sədrliyini edən və bu gün İstanbul Darülfünununda tələbə olan İslam əfəndi bir neçə il əvvəl Gəncədən qaçmış və orada ikən “Kommunist Firqəsi”nə mənsub üzvlərdən olmuşdur. Kommunist olduğu üçün Gəncə komsomollar təşkilatı idarə heyətində çalışaraq bəzi tələbələri “sənin atan millətçidir, müsavatçıdır” deyə təhdid etmiş və bu kimi ittihamlarla bir neçə tələbəni məktəbdən qovdurmuşdur”.

Qəzet özü də bu iddiaya dəstək olub.

Beləliklə, yuxarıda professor Ədalət Tahirzadənin onun Gəncədəki həyatı ilə bağlı verdiyi bilgi ilə qəzetdəki məlumat uyğunluq təşkil edir. Yəni İslam bəyə əks olan cəbhə onun Gəncədə komsomol təşkilatında işləməsini fakt kimi qarşısına qoyub. Xəbərdən o da aydın olur ki, İslam bəy bu dövrdə İstanbul Universitetində təhsil alıb. Vəfat elanında mühəndis olduğu qeyd edildiyi üçün bu ixtisas üzrə təhsil aldığı aydınlaşır. Görünür, İslam Çingiz bəyin Rəsulzadə cəbhəsinə olan müxalifətinin başlanğıcı da məhz bu hadisə ilə bağlıdır.

Mühəndis İslam Çingiz Göygöl

İslam bəyin 1934-1949-cu illərə aid 15 illik dövrü haqqında geniş məlumat əldə edə bilmədik. Ehtimal ki, bu illərdə universiteti bitirib, ixtisası üzrə çalışıb. “Ulus” qəzetinin 22 avqust 1943-cü il tarixli sayında kiçik bir elan verilib: “Vebolid su təsfiyə cihazları. Hər boyda yazı makinaları, şapiroqraf və hesab makinalarımız gəlmişdir. İ. Cengiz Gökgöl”. Göründüyü kimi, İslam Çingiz bəy həmin dövrlərdə ticarətlə məşğul olub. Bu kimi elanlar qəzetin sonrakı saylarında da verilib.

İslam bəy bu illərdə Pərixan adlı xanımla ailə həyatı qurub, bu nikahdan Yaqut, Güliz, Türkiz, Nərgiz adlı övladları doğulub.