BAKI, 28 yanvar. TELEQRAF
Prezident İlham Əliyev Cinayət və İnzibati Xətalar məcəllələrinə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlara edilən dəyişikliyi təsdiqləyib.
Teleqraf xəbər verir ki, dəyişikliyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ("xeyli miqdar" dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
- Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etmə cinayəti nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etmə cinayəti nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Bu əməllər milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.