BAKI, 22 yanvar. TELEQRAF

2025-ci il üzrə vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində Xidmət tərəfindən 6 897 halda əmək qanunvericiliyinin pozulması halları aşkar edilib.

Teleqraf xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, fiziki, vəzifəli və hüquqi şəxslər barəsində 10 622 550 AZN məbləğində inzibati cərimə tətbiq edilib.

Onun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib:

"Belə ki, həmin ödənişlərdən 93,66 %-i (788 934,49 AZN) əməkhaqqı, 1,67 %-i (14 050 AZN) zərərə görə ödənc, 4,67 %-i (39 360,46 AZN) sosial müavinət və kompensasiyadan ibarət olub. Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib".

Vəli Quliyev qeyd edib ki, elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb.

"2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb. Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) platformasında tətbiq edilən yeni funksionallıqlar, eləcə də 2025-ci ilin may ayından elektron audit mexanizminin istifadəyə verilməsi nəzarətin və şəffaflığın daha da gücləndirilməsinə imkan yaradıb", - o vurğulayıb.

Xidmət rəisi vurğulayıb ki, zərərli sahədə çalışan işçi əlavə müavinət almalı olduğunu öyrəndikdə müvafiq qurumlara - "DOST" və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməlidir.

"Bu halda araşdırma aparılır. Pozuntunun dövlət və ya özəl sahədə olmasının fərqi yoxdur, bütün hallarda cərimə tətbiq olunur".