BAKI, 12 yanvar. TELEQRAF

“Kəpəz” televiziyasının sabiq sahibi Rüfət Əsgərovun 2008-ci ildə “MuğanBanka” qoyduğu 300 min dollar əmanətin yoxa çıxması ilə bağlı iddiasına məhkəmə qaydasında aydınlıq gətirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, oğul Əsgərov iddiasına bilidirib ki, 2008-ci ildə bankla “Xüsusi Əmanət (depozit) hesabı haqqında” 7 müqavilə imzalayıb və 300 min dollar əmanət yatırıb.

Onun iddiasına görə, 2020-ci ildə əmanətini geri götürmək istəyərkən Rüfət Əsgərova bankda hesabının olmadığı bildirilib. Ona əmanətin tam məbləğinin çıxarıldığı deyilib. R.Əsgərov isə belə bir çıxarış etmədiyini, pulun geri çəkildiyi həmin vaxt ümumiyyətlə, Azərbaycanda olmadığını dilə gətirib.

Cavabdeh isə bildirib ki, iddiaçı iddia ərizəsində göstərdiyi 7 ədəd "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələri 13 il bundan əvvəl bağlanılıb və həmin gün müqavilələrin hər birinin əslinin 1 nüsxəsi iddiaçıya təqdim edilib. Bundan əlavə iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada 7 ədəd bank kitabçası verilib. İddiaçı iddia ərizəsi verərkən müqavilələri təqdim etsə də, bank kitabçasını təqdim etməyib:

“Həmin sənədləri iddiaçı ona görə təqdim etməyib ki, müqavilələr üzrə qoyulan vəsaiti iddiaçının atası Əsgərov Razim İsmayıl oğluna Gəncə şəhəri 1-ci DNK-
da verdiyi və 3 il müddətində qüvvədə olan etibarnaməyə əsasən sonuncu tərəfindən çıxarılıb. Etibarnamədə iddiaçı atası Əsgərov Razim İsmayıl oğlunun bank orqanlarından ona çatası pulu, əmanəti eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi etibar edib. Göstərilən etibarnaməyə əsasən Əsgərov Razim İsmayıl oğlu tərəfindən “MuğanBank”ın Gəncə filialı ilə iddiaçı arasında bağlanmış "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələr üzrə 7 ədəd bank kitabçası təqdim edilərək əmanətlər və həmin aylar üzrə faizlər çıxarılaraq həmin müqavilələrə xitam verilib. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2009-cu il tarixindən bu günə kimi Azərbaycan Respublikasında olub və bankların bağlanması ehtimalı olduğu halda qoyduğu külli miqdarda vəsaitlə maraqlanmaması, eyni zamanda həmin vəsait ilə əlaqədar faizləri almaması bir daha təsdiq edir ki, iddiaçı əsassız olaraq varlanmaq niyyətinə düşüb. Qeyd edilən məbləğlər Əsgərov Razim İsmayıl oğlu tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılmış və müqavilələrə xitam verilmişdir”.

Prosesin yekununda Ali Məhkəmə R.Əsgərovun Kassasiya şikayəti təmin etməyib.

Qeyd edək ki, “MuğanBank”ın lisenziyası 2023-cü ildə ləğv edilib.