BAKI, 7 yanvar. TELEQRAF

Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə qəbul edilən 1188 nəfərdən 46-sı ölüb.

Bu barədə Teleqraf-a KTM-dən məlumat verilib.

Bildirilib ki, 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Onlardan 495 nəfəri dərman preparatlarından, biri siçan dərmanından (rodentisid), biri həşərat dərmanından, 352 nəfəri isə sirkə turşusundan zəhərlənib.

Eləcə də 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, biri kimyəvi məhlullardan, 65-ü allergik reaksiyalardan, 40-ü fosfor üzvi birləşmələrindən, 18-i anafilaktik şokdan, 13-ü tüstüdən, 66-sı dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft məhlulundan, 5 nəfəri yabani bitkilərdən, 6 nəfəri həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən,4 nəfəri isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 46 nəfərin (32 kişi və 14 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.