Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə əlaqədar sürücülərə çağırış edib.

İdarədən Teleqraf-a verilən xəbərə görə, bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır:

"Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə, respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir.

Küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi cətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir".

Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir:

"Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yol arzulayırıq!".