BAKI, 27 noyabr. TELEQERAF

Media yarandığı gündən təhdidlərlə, təqiblərlə birgə formalaşıb.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu gün Bakıda keçirilən TDT Media Forumunun birinci panel sessiyasında deyib.

O bildirib ki, medianın peşəkarlığı onun təhdidlər şəraitində böyüməsindən irəli gəlir:

"Bu il mətbuatın yaranmasının 150 illiyini böyük təntənə ilə qeyd etdik. Əvvəllər mediaya qarşı təzyiqlər dedikdə daha çox senzura nəzərdə tutulurdu. Hazırkı dövrdə isə bunun mahiyyəti dəyişib. Artan çoxsaylı təhdidlərin qarşısını almaq üçün Azərbaycanda hüquqi müstəvidə işlər tam yekunlaşıb. Azərbaycan bu istiqamətdə çox yaxşı hüquqi immunitet yaradıb".

Natiq Məmmədli dünyada mediaya ciddi inam çatışmazlığının olduğunu diqqətə çatdırıb.

"Yeniliklərə mühafizəkar yanaşmaq məğlubiyyətdir. Gələn ay Azərbaycanda media savadlılığı həftəsi başlayacaq. Bu, insanların zərərli informasiyaların, propaqandanın təsiri altına düşməməsi üçündür", - o əlavə edib.