BAKI, 21 noyabr. TELEQRAF

Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda D-8 ölkələrinin Yayım Assosiasiyasının yaradılması təklif edilib.

Teleqraf xəbər verir ki, bu barədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi, Səfir İsiaka Abdulqadir İmam Bakıda keçirilən D-8 Media Forumunda açılış nitqi ilə çıxışında deyib.

O qeyd edib ki, bu assosiasiya radio və televiziya da daxil olmaqla yayım qurumlarını bir araya gətirərək proqramların, xəbərlərin və digər məzmunların mübadiləsinə, həmçinin D-8 ölkələrinin vətəndaşları arasında qarşılıqlı anlaşma və mədəniyyətin təşviqinə xidmət edəcək.

“Belə bir assosiasiya yaradılarsa, Bakıda yerləşəcək Media Mükəmməlliyi Mərkəzinin çətiri altında fəaliyyət göstərəcək.

İkincisi, jurnalistika institutları, məktəbləri və üzv dövlətlər arasında əməkdaşlıq çərçivəsində işləyən jurnalistlər üçün təlim və potensialın artırılması məqsədilə təqaüd proqramlarının təklif edilməsini istəyirik. Bu, həm peşəkarlar arasında anlayışı və fikir mübadiləsini gücləndirəcək, həm də əməkdaşlıq gündəliyimizi daha da inkişaf etdirəcək”.

Baş katib eyni zamanda Bakıda keçirilən Forumun illik əsasda keçirilməsini təklif edib.

“Üçüncüsü və ən vacibi, bu media forumunun üzv dövlətlərdə illik əsasda keçirilməsini təklif edirəm. Bu, son dərəcə vacibdir. Əgər bu təşəbbüsü institusionallaşdıra bilsək, media məkanımızın inkişafına böyük töhfə verəcək və ən əsası, təşkilatın görünürlüğünün artırılması üçün mütəmadi platforma yaradacaq. Azərbaycan üzv dövlətlər arasında media əməkdaşlığını, bilik mübadiləsini və potensialın artırılmasını təşviq edəcək əsas platforma olan D-8 Media Mükəmməlliyi Mərkəzinin yaradılmasını təklif edib və on ev sahibliyini həyata keçirməyə hazırdır. Bu təşəbbüsü alqışlayırıq və əminik ki, D-8 regionunda əməkdaşlığı daha da gücləndirəcək. Xüsusilə, D-8 Media Mükəmməlliyi Mərkəzi qlobal informasiya məkanında kollektiv səsimizi daha da gücləndirməyə kömək edəcək".