BAKI, 20 noyabr. TELEQRAF

Regional kontekstdə biz Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndiririk. Cənubi Qafqazda sülhün möhkəmlənməsi gələcək iqtisadi artım və rifah üçün yeni imkanlar açacaq. Biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək dəyərləndiririk.

Teleqraf xəbər verir ki, bu sözləri Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda Latviya Respublikasının 107-ci ildönümü münasibətilə təşkil olunan rəsmi qəbulda söyləyib.

O bildirib ki, Latviya Avropa İttifaqının üzv ölkəsi kimi sülh prosesinin təşviqi və əlaqələrin möhkəmləndirilməsi üçün hər cür lazımi dəstəyi verməyə hazırdır.

"Onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, o cümlədən Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində əməkdaşlıq mövcud olub. Müntəzəm olaraq keçirilən yüksəksəviyyəli siyasi görüşlər, xüsusilə parlamentlərarası dostluq qruplarının fəaliyyəti, dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq, habelə hökumətlərarası komissiyanın işi əlaqələrimizin inkişafında mühüm rol oynayır. Hökumət və özəl sektorlar arasında mövcud olan sıx əlaqələr əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır. Əməkdaşlığın perspektiv sahələri sırasında kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar və üzvi əkinçilik xüsusi yer tutur", - deyə səfir vurğulayıb.