BAKI, 30 oktyabr. TELEQRAF
"Ölkə üzrə çağrı xidmətinin "Regional çağrı mərkəzləri" formatında qurulması planlaşdırılır".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib.
O bildirib ki, 2025-ci ilin sonuna qədər Abşeron Çağrı Mərkəzi qurulacaq.
"İlin sonuna qədər yeni proqram təminatının Abşeron Çağrı Mərkəzində qurulması və tətbiqi prosesi bitəcək. Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyalarında çağrı xidmətinin keyfiyyəti artırılır.
2026-cı ilin ilk yarısında rayon TTTY stansiyalarındakı koordinatorların yeni proqram təminatına uyğunlaşdırılması prosesi yekunlaşacaq. 2026-cı ilin sonuna qədər ölkənin bütün ərazisində regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq".
O qeyd edib ki, bundan sonra xəstənin xəstəxanaya çatacağı vaxt barədə bildiriş göndəriləcək.
"Hospitala xəstənin nə zaman gələcəyi, hansı halda və hansı xəstəliklə gələcəyi ilə bağlı məlumat veriləcək", - o əlavə edib.