BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənclər Akademiyası yaradılacaq.
Teleqraf xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın 80 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetində keçirilən tədbirdə səsləndirib.
O qeyd edib ki, bir ölkənin elmdə tutduğu mövqe onun dünyadakı yerini müəyyənləşdirir: “Hansı ölkə elmdə birincidirsə, dünyada da birincidir. Elmin təşkili və inkişafı məhz Akademiyanın yaradılması ilə başlayıb. AMEA bu istiqamətdə mütəmadi olaraq islahatlar aparır”.
İsa Həbibbəyli əlavə edib ki, sovet dövründə Azərbaycan tarixi, şəxsiyyətləri və qəhrəmanları unudulmağa məruz qalıb:
“Sovet hakimiyyəti dövründə milli kimliyi unutdurmaq siyasəti aparılırdı. Səfəvilər dövləti, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin problemlərindən yazılırdı. Amma tarixi şəxsiyyətlər kənarda qalırdı. AMEA bu tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının tanıdılması istiqamətində vacib işlər görür. Bu, Akademiyanın həyata keçirdiyi əsas islahatlardan biridir".