BAKI, 29 avqust. TELEQRAF
Bərdədə “Şəhla” baytarlıq aptekində yararlılıq müddəti bitmiş baytarlıq preparatları aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, Əliyev Firus Vilayət oğluna məxsus “Şəhla” baytarlıq aptekində agentliyin əməkdaşları yoxlama keçirib.
"Baxış zamanı aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatları aşkarlanıb. Preparatların saxlanma temperaturuna riayət edilmədiyi və içlik vərəqlərində Azərbaycan dilində məlumatların olmadığı müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib, yararlılıq müddəti bitmiş preparatlar satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub", - məlumatda qeyd olunub.