BAKI, 25 avqust. TELEQRAF

Bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1101,0 min) pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statiktika Komitəsi məlumat yayıb.

Bildirilib ki, onların 64,6 faizi yaşa, 23,0 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 538,1 manat təşkil edib və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.