LAÇIN, 2 iyul. TELEQRAF

"Asiya İnkişaf Bankı yaşıl bacarıqların qadınlar arasında təşviq olunması məqsədilə milli yaşıl inkişaf strategiyaları və proqramların hazırlanması sahəsində öz dəstəyini verir".

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin baş mütəxəssisi Fərəc Hüseynbəyov "İƏT həftəsi" çərçivəsində Qadınlar Forumunun "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" adlı panel sessiyasında deyib.

O bildirib ki, Asiya İnkişaf Bankı Asiya və Sakit okean regionunda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi istiqamətində çalışır:

"İnklüziv inkişaf məsələləri ilə məşğul oluruq. Qadınların təhsilinə dəstək üçün çalışırıq. Onlara bacarıqların inkişaf etdirilməsi, rəqəmsal biliklər, texniki və peşə bacarıqları üzrə təlim kursları təşkil edirik. Məqsədimiz keyfiyyətli iş yerlərinin yaradılmasıdır, həmçinin qadınlar üçün qeyri-ənənəvi olan peşələrə cəlbolunma imkanlarının yaradılmasıdır. Həmçinin çalışmalıyıq ki, qadınlar hər zaman diqqət mərkəzində olsun”.

“Biz qadınların əmək bazarında müvafiq yerə sahib olmasına da dəstək veririk. Asiya İnkişaf Bankı gender bərabərliyinə vəsaitlərin 60 faizini yönəldir", - o vurğulayıb.