BAKI, 20 may. TELEQRAF

"Korrupsiyaya qarşı Qlobal Hüquq-Mühafizə Orqanlarının Əməliyyat Şəbəkəsi (GlobE Network) tərəfindən Bakı şəhərində keçirilən bu son dərəcə önəmli və strateji görüşə dəvət almaq böyük şərəf və məsuliyyətdir".

Teleqraf xəbər verir ki, bunu Madaqaskarın Müstəqil Anti-Korrupsiya Bürosunun baş direktoru Qabi Nestor Razakamanantsoa "GlobE Network"un 6-cı plenar sessiyası zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən bu tədbir regional və beynəlxalq səviyyədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı daha da möhkəmləndirmək üçün nadir və əvəzolunmaz fürsətdir.

“Bu sessiya korrupsiyaya qarşı mübarizəni daha effektiv və sistemli şəkildə aparmaq üçün mühüm platformadır”, - deyən Qabi Nestor vurğulayıb ki, korrupsiya hələ də dünya miqyasında ən ciddi problemlərdən biri olaraq qalır və onunla mübarizədə ölkələrarası əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq tədbirlər əvəzedilməzdir.

Büro rəhbəri, həmçinin bu tədbirin təşkilinə və ona ev sahibliyi edən Azərbaycan hökumətinə dərin təşəkkürünü ifadə edib.

O vurğulayıb ki, Azərbaycan nümayəndələrinin səmimi qəbulu və yüksək qonaqpərvərliyi iştirakçılar üçün çox müsbət təəssürat yaradıb və qarşılıqlı münasibətlərin daha da inkişafına təkan verəcək.

“Bu cür beynəlxalq platformalar sayəsində biz birgə mübarizəni gücləndirir, yeni əməkdaşlıq imkanları yaradır və qarşıya çıxan çətinliklərə birgə həllər tapırıq. Bu, korrupsiyanın qarşısının alınması sahəsində davamlı inkişaf və tərəqqi üçün vacibdir”, - deyə o əlavə edib.