
BAKI, 18 aprel. TELEQRAF
"Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı 20 apreldə, imtahan isə aprelin 27-də keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, Yüksəliş müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq.
Analitik təhlil üzrə sınaq imtahanı 11 mayda, analitik təhlil imtahanı 17-18 mayda, idarəetmə bacarıqları imtahanı isə 1 iyunda keçiriləcək.
"Yarımfinal imtahanı 4,5,6 iyulda, final imtahanı isə 18, 19, 20 iyulda baş tutacaq", - deyə F. Hacıyev bildirib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.