BAKI, 18 aprel. TELEQRAF
Beşinci “Yüksəliş” müsabiqəsində iştirak edən namizədlərin ən çox təmsil olunduğu 5 universitet açıqlanıb.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, Yüksəliş müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu il müsabiqədə ən çox iştirakçı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunları və tələbələri arasından olub. Belə ki, ümumilikdə 3 347 nəfər UNEC-i təmsil edir.
İkinci pillədə 2 800 nəfərlə Bakı Dövlət Universiteti qərarlaşıb. Daha sonra 1 453 nəfərlə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti gəlir.
Dördüncü yerdə 902 nəfərlə Azərbaycan Dövlət Pedaqoji Universiteti, beşinci yerdə isə 755 nəfərlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yer alıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.