
BAKI, 8 aprel. TELEQRAF
7 aprel 2025-ci il tarixində Azərbaycanın bölgələrinin həyatının işıqlandırılmasına ixtisaslaşmış yeni xəbər, multimedia və araşdırma portalı – YURD.MEDİA fəaliyyətə başlayıb.
Teleqraf xəbər verir ki, saytın təsisçisi və baş redaktoru Murad Əliyevdir.
Portalın əsas istiqamətləri sırasında iqtisadi mühitin araşdırılması, kənd təsərrüfatı sahəsində yeni imkanların təhlili, turizm potensialının və ekoloji vəziyyətin öyrənilməsi, eləcə də elm, təhsil və səhiyyə sahəsindəki yeniliklərin ictimaiyyətə çatdırılması yer alır. Saytda həm ayrıca mövzu kateqoriyalarına uyğun xəbərləri, həm də Azərbaycanın müxtəlif rayon və şəhərləri üzrə çeşidlənmiş materialları izləmək mümkündür.
Portal, eyni zamanda, bölgələrin ictimai-sosial həyatına dair fikirləri olan müəlliflər üçün köşə yazılarına da yer ayırır. Oxucularla qarşılıqlı ünsiyyətin qurulması məqsədilə redaksiyanın qaynar xətti vasitəsilə xəbər, şikayət və təkliflərin qəbul edilməsi təmin olunub.
Yeni platforma bölgələrin inkişafına informasiya dəstəyi verməyi əsas missiyası kimi müəyyən edib. Bu çərçivədə dövlət qurumları, özəl sektor nümayəndələri, ekspertlər və QHT təmsilçiləri aktiv əməkdaşlığa dəvət olunur.
Saytın baş redaktoru Murad Əliyev bildirib ki, YURD.MEDİA Azərbaycanın bütün bölgələrinin həyatını işıqlandıran xəbər, multimedia, araşdırma portalı kimi fəaliyyətə başlayıb:
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi bizə bu yola düzəlməyə qol-qanad verdi. Məhz böyük Zəfərdən sonra yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması zərurəti yaranır.
İndi dünya düzəni dəyişir. Azərbaycan yeni reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur. Hər rayonumuzun, hər kəndimizin bu inkişafda müstəsna rolu olmalıdır. Çünki, son illər ölkədə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət bölgələrin tam həcmdə istifadə olunmayan potensialını üzə çıxarır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər, lakin, sadəcə olaraq, oturub bu investisiyaları gözləmək olmaz. Yurd.media da bölgələrdə həm xarici, həm də yerli investorları maraqlandıracaq iqtisadi imkanları araşdırmaqla bu missiyaya öz tövhəsini verməyi hədəfləyir".
O qeyd edib ki, regionlarda dövlət idarəçiliyinin təkmilləşdirilməsi bizə, artıq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla, bütün rayonlarda öz işimizi tam həcmdə görmək üçün münbit şərait yaradır:
"Görülməsi planlaşdırılan işləri isə sadalamaq yox, həyata keçirib portalımızda nəticələrini dərc etməyi üstün tuturuq.
Bir sözlə, Milli mətbuatımızın 150 illik tarixinin ən qüdrətli Azərbaycanı haqqında yazmaq üçün gəlib Yurd.media!
Bu yolda bütün dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti nümayəndələrini məhsuldar əməkdaşlığa dəvət edirik.
Bu yaşıl mikrofona daim yaşıl işığın yanması arzusu ilə..."