BAKI, 24 mart. TELEQRAF

Almaniyanın Azərbaycandakı səfirliyinin viza görüşlərini rüşvətlə satdığı iddia olunur.

Bunu Teleqraf-a açıqlamasında ictimai fəal, hazırda turizm sektorunda fəaliyyət göstərən İlkin Rüstəmzadə bildirib.

Onun sözlərinə görə, 40 gündən çoxdur Berlinin Bakıdakı diplomatik nümayəndəliyindən viza görüşü almaq mümkün deyil:

"Almaniyanın Bakıdakı səfirliyi və onun viza mərkəzi, "Vizametric" şirkəti hazırda açıq-aşkar alverlə məşğuldur. Bir aydan çoxdur viza görüşlərini bağlayıblar. Nə tur şirkətlər, nə sadə vətəndaşlar görüş ala bilirlər. Görüşləri özlərinə yaxın 3-4 makler var, ötürürlər onlara. Onlar da 500-1000 manat arası rüşvət qarşılığında viza görüşü istəyən adamlara satırlar. Çox sayda müştərilərimiz pis durumda qalıblar, gözləyirik viza görüşləri açılsın, götürək. Di gəl açmırlar görüşləri. Daha doğrusu görüş var, amma sayta qoymurlar, ancaq rüşvətlə. Həmin maklerlərdən almalısan. Əvvəllər isə sayta qoyurdular. İndi sayt boşdur. Bu işdə Almaniya səfirliyinin konsuldan tutmuş, səfirə qədər bütün rəhbərliyi xəbərdardır. Əlbirdirlər".

İ.Rüstəmzadə deyib ki, məsələ ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə elektron poçt vasitəsilə məktəb yazıb, amma cavab ala bilməyib: "Bütün turizm şirkətləri çıxılmaz duruma düşüb. Məsləhətləşmişik, Azərbaycanın Turizm Agentliyinə müraciət edəcəyik. Bu biabırçılığa son qoyulmalıdır".

Almaniya səfirliyindən isə Teleqraf-a bildirilib ki, iş günü bitdiyi üçün məsələ ilə bağlı sualı cavablandıra bilməyəcəklər.