
BAKI, 17 mart. TELEQRAF
“Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın platforması artıq onlayndır. Platforma demo versiyada istifadəyə verilir. İlkin nəticəni əldə etmək üçün bizə 2000 nəfərin nəticəsi lazımdır. Bunu yaratmaq üçün mürəkkəb mərhələlərdən keçdik, amma əsas odur ki, nəticə əldə etmişik".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə deyib.
"Qiymətləndirməni elmi əsaslarla necə aparmaq olar" sualı ətrafında müzakirələrimiz başladı. Müəyyən mürəkkəb mərhələlərdən keçdik. 2024-cü ildə müəlliflik hüququnu aldıq. Öz meyarlarımızı elmi ictimaiyyətə təqdim etdik. Bu proses çox çəkdi. Əsas odur ki, nəticə əldə edə bildik”, - Abbaszadə vurğulayıb.
Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva isə bildirib ki, Azərbaycan dili üzrə vahid standart proqram hazırlanıb.
"Azərbaycan dilini öyrənən xaricilər bu dili öyrəndikdən sonra onların bacarıqlarının yoxlanması vacibdir. Müzakirə zamanı vahid proqram hazırlanması irəli sürülüb. Bununla bağlı dəfələrlə müzakirə keçirilib. Proqramın olmaması pərakəndəliyə səbəb olurdu. Proqramın olması dil bacaqların ölçülməsini asanlaşdıracaq. Qiymətləndirmə CEFR standartlarına uyğun aparılır. Platforma bu gündən sınaq məqsədi ilə istifadəyə verilir".