BAKI, 22 may. TELEQRAF
“Azərbaycanla Avropa Parlamenti arasında son aylarda daha da dərinləşən siyasi gərginlik müasir Avropa siyasətinin mühüm bir xüsusiyyətini aydın şəkildə göstərir. Bu xüsusiyyət Avropa Parlamentinin mövqeyinin heç də hər zaman Avropa İttifaqının real strateji xəttini əks etdirməməsidir. Məhz buna görə də Azərbaycan əleyhinə qəbul edilən növbəti qətnamələr və Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı fonunda biz eyni zamanda Avropa Komissiyası, Aİ Şurası və aparıcı Avropa dövlətləri ilə münasibətlərdə tamamilə fərqli dinamikanın şahidi oluruq”.
Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bir qrup Avropa Parlamenti deputatının qurumun Azərbaycanla bağlı siyasətini tənqid etməsi bu baxımdan mühüm siqnal kimi qiymətləndirilə bilər. Bu, artıq Avropanın öz daxilində belə bir anlayışın gücləndiyini göstərir ki, Bakıya qarşı təzyiq və ideoloji yanaşma üzərində qurulan siyasət nə nəticə verir, nə də Avropanın öz maraqlarına xidmət edir.
Sevinc Fətəliyeva qeyd edib ki, son illər Avropa Parlamenti istər İkinci Qarabağ müharibəsindən sonra, istərsə də Azərbaycanın tam suverenliyini bərpa etməsinin ardınca ölkəmizə qarşı sərt və birtərəfli bəyanatlarla çıxış edib. Bakıda isə bu sənədlər siyasi qərəzli yanaşmanın nümunəsi kimi qiymətləndirilib və regiondakı reallıqları əks etdirmədiyi bildirilib. Nəticədə Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və onunla əlaqəli bir sıra parlament platformalarından çıxmaq barədə qərar qəbul edib. Lakin burada vacib bir məqam var: Avropa Parlamenti ilə münasibətlərdə yaranmış böhran bütövlükdə Avropa İttifaqı ilə münasibətlərin böhranı demək deyil. Əksinə, son diplomatik təmaslar tam fərqli mənzərə ortaya qoyur. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri də göstərdi ki, Brüsseldə Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat, logistika və regional sabitlik baxımından strateji tərəfdaş kimi qiymətləndirilir.
“Təsadüfi deyil ki, Kaya Kallas Bakıda verdiyi açıqlamalarda Azərbaycanı Avropa İttifaqı üçün “etibarlı və dəyərli enerji tərəfdaşı” adlandırdı və Aİ-nin əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu vurğuladı. O, həmçinin tərəflər arasında yeni çərçivə sazişi üzrə danışıqların bərpasına hazırlığın mövcud olduğunu bildirdi. Bu isə olduqca mühüm məqamdır. Çünki bir müddət əvvəl bəzi Avropa siyasi dairələri Azərbaycanı əsasən siyasi ittihamlar və insan hüquqları ritorikası prizmasından təqdim etməyə çalışırdısa, bu gün geosiyasi reallıqlar Avropa İttifaqını daha praqmatik yanaşmaya qaytarır.

Bunun səbəbi isə tam aydındır”,- deyən Sevinc Fətəliyeva əlavə edib ki, Avropada enerji böhranı və Rusiyadan qaz asılılığının azaldılması fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti ciddi şəkildə artıb. Cənub Qaz Dəhlizi artıq sadəcə regional layihə deyil, Avropanın enerji təhlükəsizliyi arxitekturasının mühüm elementi kimi çıxış edir. Azərbaycan qazı bu gün Avropanın müxtəlif regionlarına çatdırılır və əməkdaşlığın coğrafiyası genişlənir. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizin əsas halqalarından birinə çevrilməsi də Brüssel üçün xüsusi əhəmiyyət daşıyır. Avropa ilə Mərkəzi Asiyanı birləşdirən alternativ marşrutların aktuallaşdığı bir dövrdə Cənubi Qafqazın sabitliyi və Azərbaycanla əməkdaşlıq Aİ üçün strateji məsələ kimi çıxış edir. Məhz buna görə də bu gün Avropa Parlamentinin siyasi ritorikası ilə Avropa İttifaqının icra strukturlarının real siyasəti arasında fərq daha açıq görünür.
Onun sözlərinə görə, Avropa Parlamenti bir çox hallarda daxili siyasi rəqabətin, müxtəlif lobbi qruplarının və ideoloji yanaşmaların təsiri altında çıxış edir:
“Cənubi Qafqaz məsələləri bəzən ayrı-ayrı siyasi qrupların daxili gündəliyinin alətinə çevrilir. Avropa Komissiyası və Aİ Şurası isə daha çox enerji təhlükəsizliyi, logistika, regional sabitlik və iqtisadi maraqlardan çıxış etməyə məcburdur. Bu fərq Şərq Tərəfdaşlığı məsələsində də özünü göstərir. Azərbaycan bu formatın iştirakçısı olaraq qalsa da, Avropa İttifaqı ilə münasibətləri digər bəzi ölkələrdən fərqli şəkildə — bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan model üzərində qurmağa çalışır. Bakı “heç vaxt siyasi himayə və daxili işlərə müdaxilə” yanaşması ilə razılaşmayıb və münasibətlərdə qarşılıqlı hörmət prinsipini əsas götürüb. Məhz buna görə də Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar uzun müddət mürəkkəb şəkildə davam edib. Azərbaycan öz suverenliyinin, milli maraqlarının və ərazi bütövlüyünün sənəddə əsas prinsip kimi əks olunmasını vacib hesab edib. Hazırda isə tərəflərin yeni saziş üzrə danışıqları yenidən aktivləşdirməyə çalışdığı müşahidə olunur. Əslində, söhbət münasibətlərin qarşıdurma mərhələsindən daha praqmatik əməkdaşlıq modelinə keçidindən gedir.
Deputat qeyd edib ki, bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər artıq Şərq Tərəfdaşlığının ilk illərindəki modeldən ciddi şəkildə fərqlənir. Əgər əvvəllər Brüssel daha çox normativ təsir və siyasi şərtlər üzərindən siyasət yürüdürdüsə, indi qarşılıqlı maraqlar — enerji, nəqliyyat, rəqəmsal bağlantılar, yaşıl enerji, logistika və regional sabitlik əsas prioritetlərə çevrilib. Onun fikrincə, burada postmünaqişə dövrünün reallıqları da xüsusi rol oynayır. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhdə maraqlıdır. Çünki Cənubi Qafqazda uzunmüddətli sabitlik Avropa ilə Mərkəzi Asiya arasında genişmiqyaslı iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün mühüm zəmin yaradır. Buna görə də Avropa rəsmiləri son dövrlər regionda sülh prosesinin davam etdirilməsinin vacibliyini daha fəal şəkildə vurğulayırlar.
“Beləliklə, hazırkı vəziyyət bir mühüm tendensiyanı göstərir: Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər tədricən emosional-siyasi qarşıdurma müstəvisindən praqmatik geosiyasi əməkdaşlıq mərhələsinə keçir. Bəli, Avropa Parlamenti ilə münasibətlərdə böhran qalmaqdadır və bu, müəyyən siyasi ziddiyyətləri əks etdirir. Lakin eyni zamanda Avropanın özü də getdikcə daha aydın şəkildə anlayır ki, Azərbaycan olmadan Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan enerji, nəqliyyat və geosiyasi arxitekturanın formalaşdırılması mümkün deyil. Məhz buna görə də zaman-zaman siyasi gərginliklər və sərt bəyanatlar səslənsə belə, Bakı ilə Brüssel arasında əməkdaşlıq davam edir və getdikcə daha strateji xarakter alır”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.