BAKI, 27 fevral. TELEQRAF

“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və “IAAS” təşkilatlarının birgə təşəbbüsü ilə 24-29 mart tarixlərində Qubada tələbələr üçün İT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, düşərgənin keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarının artırılması, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.

Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, Javascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək.

Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsi üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər.

Müraciət zamanı namizədlər proqramlaşdırma və sistem inzibatçılığı sahələrindən birini seçməlidirlər.

Düşərgə iştirakçıları developer və sistem administratoru istiqamətlərində keçiriləcək ilkin imtahan əsasında seçiləcək.
Daha ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/fnPU8AxaQcZ41CkPA

Qeydiyyat prosesi 9 mart tarixinədək davam edəcək.