
BAKI, 10 fevral. TELEQRAF
"Diş və diş əti xəstəlikləri ilə ümumi sağlamlıq arasında birbaşa əlaqə var. Araşdırmalar göstərir ki, diş əti xəstəlikləri ürək-damar xəstəlikləri ilə sıx bağlıdır".
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin həkim-stomatoloqu Əliheydər Kazımov deyib.
Onun sözlərinə görə, diş əti iltihabına səbəb olan bakteriyalar qan dövranına daxil olaraq arteriyalarda yığılmaya səbəb ola bilər:
"Damarların tıxanması, infarkt və yüksək qan təzyiqi kimi problemlərin yaranması ilə nəticələnir. Bununla yanaşı, diş sağlamlığı şəkərli diabet xəstəlikləri ilə əlaqələndirmək olar. Şəkərli diabeti olan şəxslər diş əti xəstəliklərinə daha həssasdır. Eyni zamanda, diş əti xəstəlikləri şəkərli diabetin idarə edilməsini çətinləşdirir. Diş əti infeksiyası qan şəkərinin səviyyəsini artıraraq diabetin ağırlaşması ehtimalını yaradır.
Ağız boşluğu sanasiyasi hətta hamiləlik dövründə belə özünü biruzə verir. Hamiləlik dövründə hormonal dəyişikliklər səbəbindən diş əti xəstəlikləri artma meylinə malikdir. Əsasən ağız boşluğunda olan problemlər tənəffüs sisteminə də təsir göstərir. Diş əti infeksiyalarına səbəb olan bakteriyalar tənəffüs sisteminə daxil olaraq pnevmoniya, bronxit kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Osteoporoz dişlərin və çənə sümüklərinin zəifləməsinə şərait yaradır. Bu isə dişlərin itirilməsi riskini artırır. Osteoporoz ağız boşluğunda həssaslığın itməsi zamanı da baş verir. Çənə sümüyündə və ağız boşluğunda olan problemlər osteoporozun erkən diaqnozunda göstərici ola bilər".
Həkim bildirib ki, diş və çeynəmə problemləri düzgün qidalanmaya mane olur: "Bu, bədənin lazımı qidaları almasını çətinləşdirir, zəiflik və qidalanma çatışmazlığına səbəb olma ehtimalı yaradır. Həmçinin, nitq və ünsiyyətdə də çətinliklər yaradır. Dişlərin funksional problemləri nitqi poza bilər".
Həkim-stomatoloq dişlərin ümumi həzm sisteminin sağlamlığı üçün də əhəmiyyətli olduğunu vurğulayıb:
"Diş və diş əti problemləri yalnız estetik və funksional çətinliklər yaratmaqla kifayətlənmir, həmçinin həzm sisteminə də ciddi təsir göstərə bilər. Bu təsirlər birbaşa (məsələn, qidanın çeynənməsi) və dolayısı ilə (iltihab və ya bakteriyaların yayılması yolu ilə) baş verir. Həzm prosesi ağızda başladığı üçün qidanın ilk mexaniki və kimyəvi emalı məhz burada başlayır. Çeynəmə qidanı kiçik hissələrə parçalayaraq, həzm sisteminin sonrakı mərhələlərində işlənməsini asanlaşdırır. Diş problemləri, məsələn çürük, diş itkisi və ya diş ağrısı çeynəmə funksiyasını zəiflədir. Bu, qidanın kifayət qədər xırdalanmamasına və mədədə daha çox yüklənməyə səbəb olur. Çeynəmə problemi olan insanlar qidanı tam xırdalamadan udmağa meyllidirlər. Bu, mədə üçün əlavə yük yaradır, çünki mədə böyük qida hissələrini həzm etmək üçün daha çox turşu ifraz etməlidir. Nəticədə isə qıcqırma və mədə yanması, qastrit və xora xəstəlikləri meydana gəlir.
Dişlərdə olan çürümələr və diş əti xəstəlikləri (məsələn, gingivit və ya parodontit) zamanı ağızda bakteriyalar artırır. Bu bakteriyalar tüpürcək və ya qan dövranı vasitəsilə mədə və bağırsaqlara keçərək, bağırsaq mikroflorasının pozulmasına mədə infeksiyalarına və iltihabına səbəb ola bilər".
"Soda və enerji içkiləri diş minasını zədələyir"
Əliheydər Kazımov deyib ki, diş sağlamlığını qorumaq üçün gündə ən az iki dəfə dişləri fırçalamaq və diş ipindən istifadə etmək lazımdır.
"Müntəzəm olaraq diş həkiminə müraciət etmək və müşahidələr aparmaq lazımdır. Hər altı aydan bir stomatoloji müayinə ağız və diş xəstəliklərinin erkən mərhələdə aşkar edilməsinə kömək edir.
Bununla yanaşı, sağlam qidalanma da böyük rol oynayır. Sağlam qidalanmaq üçün şəkərin və turşulu qidaların azaldılması diş çürükləri riskini azaldır. Kalsium və D vitamini ilə zəngin qidalar diş və sümüklərin sağlamlığını dəstəkləyir. Təzə meyvə və tərəvəzlər, xüsusilə alma və yerkökü kimi qidalar təbii olaraq dişləri təmizləməyə kömək edir. Turşulu içkilərdən çəkinin - soda və enerji içkiləri diş minasını zədələyir.
Dişlərinizi çox sərt fırçalamayın, çünki bu mina və diş ətlərinə zərər verə bilər. Həmçinin, tütün məmulatlarının diş ətlərinə və dişlərə ciddi problemlər gətirib çıxara biləcəyini nəzərə alaraq, onlardan bacardığınız qədər uzaq durmağı tövsiyə edirik.
Profilaktik tədbirlər və diş sağlamlığına diqqət bütün orqanizmin uzunmüddətli sağlamlığının açarıdır", - deyə həkim-stomatoloq əlavə edib.