
BAKI, 6 fevral. TELEQRAF
Məktəblərdə dərslərin başlanma vaxtını direktor və valideyn tənzimləməlidir.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu məsələdə Bakı və kəndlərdə fərqli saatlar qeydə alına bilər.
"Buna nazirlik etiraz etmir. Əgər kənddə valideyn övladını 8:00-da deyil , 8:30 yaxud 9:00-da məktəbə gətirib və məhz o zaman dərslərin başlamasını uyğun bilirsə, bu məsələni direktorla danışıb razılığa gələ bilər. Amma Bakıda durum dəyişir. Burada iş bir çox yerlərdə 9:00-da başlayır, ona görə valideyn 8:00-da övladını məktəbə qoyub işə gedir. Amma bütün hallarda Bakıda da direktor və valideyn ümumi razılığa gəlib dərs saatlarının başlamasını dəyişkən qrafikə uyğunlaşdıra bilər",- deyə nazir vurğulayıb.
Xatırladaq ki, məktəblərdə iş qrafikinin dəyişdirilməsi məsələsi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.