Bakı.6 fevral. TELEQRAF

“Azərbaycanda müəllimin əməkhaqqı təhsil saatına bağlıdır, bu, təhsilin ən böyük problemlərindən biridir. Təhsilin 1 il azaldılması müəllimlərin dərs saatının da azaldılmasına səbəb olur”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə Teleqraf-ın sualına cavab olaraq deyib.

O bildirib ki, ali məktəblərdə təhsilin 4 ildən 3 ilə endirilməsi ilə bağlı problemlərimiz olduqca çoxdur.

“Səmimi deyim, bunu texniki baxımdan izah etmək çətindir. Şərti olaraq 4 ildən 3 ilə salındıqda, müəllimin dərs saatı 1 il azalacaq. Bu, bizim əl-qolumuzu bağlayır. Çalışırıq ki, əhalinin sosial vəziyyətini nəzərə alaq. Müəyyən müddətdən sonra saata bağlı sistemdən qurtula bilsək və müəllim tamştatlı işə keçsə, bu, Azərbaycan təhsilində dönüş nöqtəsi ola bilər".

Nazir qeyd edib ki, Qarabağ Universitetində müəllimlərin dərsi saata bağlı deyil:

“Yalnız bu kimi dəyişikliklər olandan sonra bizim çevikliyimiz artacaq. 3 illik proqramlar olacaq. Pilot layihə turizm, informasiya texnologiyaları, tətbiqi bakalavr ixtisaslarında tətbiq olunacaq”.