Cinayət təqibindən kənar fəaliyyət genişləndirilib
Teleqraf.com xəbər verir ki, u barədə bugün Baş Prokurorluğun Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.
Cinayət təqibindən kənar icraatlar sahəsi üzrə fəaliyyətə toxunan Baş prokuror bildirib ki, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə 13029 işə baxılmasında prokurorluq işçiləri iştirak edib.
Vurğulanıb ki, qanun pozuntularını, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 92 şəxs barəsində təqdimat verilib, 87 şəxsə isə qanun pozuntularından çəkindirmək məqsədilə xəbərdarlıq edilib, həmçinin, sosial təhlükədə olan 6 uşaq üzrə 5 valideyn barəsində valideyin hüquqlarının məhdudlaşdırılması haqqında 5 məhkəmədə mülki iddia qaldırılıb.
Həmçinin, qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə 1457 icraat başlanıb.
Baş prokuror qeyd edib ki, 2022-ci ildə korrupsiya hüquqpozmalarına yol vermiş 45 şəxs cinayət başında yaxalanıb: "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 341 cinayət işi başlanıb, 274 şəxs barəsində 209 iş üzrə icraat tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş 37 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanmış, habelə 12 nəfər axtarışda olan şəxs tutulub".
Kamran Əliyevin sözlərinə görə, 2022-ci ildə prokurorluq orqanları tərəfindən 71,5 milyon manatdan çox ziyan ödətdirilib: "Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 100 milyon 609 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 71%-nin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinə nail olunub. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 213 min manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olunub".