10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan sonra indiyədək mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.
Qeyd olunub ki, mina və hərbi sursat partlayışları nəticəsində 233 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***
10.15
“2022-ci ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 17 cinayət işinin açılması təmin edilib”.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, onlardan 14 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə istintaq tədbirləri davam etdirilir.
Kamran Əliyev qeyd edib ki, 1 may 2020-ci il tarixdən hazırkı vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 27 qəsdən adam öldürmə cinayəti açılıb (onlardan 24-ü məhkəməyə göndərilməklə 15 iş üzrə ittiham hökmü çıxarılmış, digərləri məhkəmə baxışındadır).
Baş Prokurorun sözlərinə görə, “2022-ci ildə Azərbaycanda 36 494 cinayət qeydə alınıb: "Otən ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36 494 cinayətin 88,2%-nin açılması təmin olunub, bu cinayətlərin 95,2%-ni prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib".
****
10.02
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, iclasda Baş Prokurorluğun Mərkəzi Aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edirlər.
Tədbirdə prokurorluq orqanları tərəfindən 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirə edilməsi gözlənilir.