Ötən gün Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə mediatur təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisəsidir.

RUGİM 2016-cı ildə ümumilikdə 8 mərkəzin birgə bazasında yaradılaraq fəaliyyətə başlayıb. Burada Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı və digər 5 məktəbdənkanar mərkəz mövcuddur.

Mərkəzin direktoru Firuzə Sultanzadə bildirib ki, əsas məqsəd uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, elmi-texniki biliklərinin artırılması, intellektual yaradıcılıq potensialının inkişaf etdirilməsi, onlarda müasir texnologiyaları çevik mənimsəmək istedadının, sağlam həyat tərzinin və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

RUGİM – rəssamlıq, rəqs, texnologiya və innovasiyalara, ətraf mühitin qorunmasına və öyrənilməsinə, davamlı turizmə, elmi-texniki yaradıcılığa uşaq və gənclərin maraq və həvəsinin artırılmasını, uşaq, yeniyetmə və gənclərin iştirakı ilə "Ekoklub”ların və müxtəlif dərnək məşğələlərinin təşkili, beynəlxalq və respublika səviyyəli müsabiqələri, intellektual oyunları, breyn-rinq bilik yarışlarını, olimpiadaları, yay məktəblərini, düşərgələrini və digər maarifləndirici silsilə tədbirləri, bir sıra yerli və beynəlxalq layihələri həyata keçirir.

RUGİM-in strukturuna 150 ştat daxildir. Mərkəzdə 350-ə yaxın əməkdaş çalışır. Mərkəzin 400 dərnəyi uşaqların xidmətindədir. Mərkəzdə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində məşğələlər keçirilir. Burada 6 000-dək uşaq müxtəlif istiqamətli dərnəklərdən yararlanır.

Uşaq və gənclər ölkədaxili və beynəlxalq sərgilərdə, Avropa və dünya çempionatlarında olimpiya yarışlarında iştirak edir. Məşğələlər beynəlxalq ekspertlər, respublikanın tanınmış müəllimləri, əməkdar və xalq artistləri tərəfindən tədris edilir.

Qeyd edək ki, Təhsil Nazirliyi sistemində ümummillikdə 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı uşaq-gənclər idman-şahmat məktəbidir. Məktəbdənkənar təhsil müəssisələrindən 110 min nəfərdən çox şagird faydalanır. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində mərkəzlərdə təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklər, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində komanda, təkmübarizlik, şahmat, dama olmaqla idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulub.

Şagirdlər bu dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət etməlidirlər. Əlavə olaraq, 2020-ci ildən etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi istifadəyə verilib. Qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər.