Ölkəmizdə pandemiya dövrü başlayandan bu günə qədər koronoviruslu xəstələri müalicə edən Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Doktor, yoluxma dinamikası artan xətlə davam edir. Vəziyyəti necə qiymətləndirirsiniz?

- Xəstə sayı həddindən artıqdır. Əksər insanlar xəstəliyi yüngül keçirir. Lakin yoluxanların sayı çox olduğu üçün müvafiq olaraq xəstəliyi ağır keçirənlərin sayı da artır. Ağırlaşanların sayının çoxalması isə ölüm ehtimalının artması deməkdir. Ağır xəstələrin sayının artması virusun mutasiyaya uğraması ilə əlaqədar deyil.

- Ötən brifinqdə bildirildi ki, yoluxma sayının artmasında gənclər böyük rol oynayır. Xəstəliyə yoluxmada yaş həddi necədir?

- Əsasən yaşlı insanların xəstəliyi ağır keçirməsi ehtimalı daha yüksəkdir. Amma 92 yaşında xəstəmiz olub ki, sağalıb. Əgər yoluxan şəxsin yanaşı ağır xəstəliyi yoxdursa, virusu adlada biləcək. Uşaq və yeniyetmələrdə kök hüceyrələri çox olduğuna görə onlar xəstəliyi çox yüngül keçirir və virusun onlar üçün də qorxusu böyük deyil. Artıq elmi cəhətdən sübut olunub ki, virusa yoluxanların yalnız 5 faizi xəstəliyi ağır keçirir.

Hipertoniya, ağır dərəcəli piylənmə kimi damar zədələnməsi ilə müşahidə olunan xəstələrdə ağırlaşma halları və ölüm göstəricisi daha yüksəkdir.

- Virus hansı daxili orqanları zədələyir? Xəstəlikdən sağalan şəxslərdə hansı əlamətlər qalır?

- İnsan yuxarı tənəffüs yolları vasitəsilə virus yoluxur. Burun, burun-udlaq, ağız-udlaq, traxeya bronxlar, kiçik bronxlar və albeonlar virusa qarşı müqavimət göstərir. Şəxsin immunitet problemi varsa, virus bu mərhələləri keçməyə başlayır. Virus albeonlardan damarlara keçərək toksinləri ilə birgə qana yayılır. Beyin, ürək, böyrək və digər orqanların damarlarında tromboz ehtimalı artmış olur.

Xəstəliyi yüngül keçirən şəxslərdə sağaldıqdan sonra heç bir əlamət qalmır. Amma xəstəliyi təxminən 1-2 ay keçirən şəxslərdə ağciyər zədələnmələri uzun müddət davam etdikcə fibroz ehtimalı artmış olur. Bu şəxslərin ağciyərində zədə qalır.

- Virusa qalib gəldikdən sonra normal həyata qayıtmaq nə qədər müddət lazımdır? Sağalan insan nə qədər müddətdə yoluxdurucu ola bilər?

- Test analizi mənfi çıxdıqdan sonra xəstənin şikayəti yoxdursa, özünü 2 həftə təcrid edib, normal həyata davam edə bilər. Xəstə bu müddəti keçibsə, onun yoluxduruculuq ehtimalı yoxdur.

- Xəstələr əsasən hansı şikayətlərlə xəstəxanaya daxil olur?

- Boğulma, təngnəfəslik, yüksək temperatur kimi müraciətlər üstünlük təşkil edir. Qeyd edim ki, yüksək temperatur hər kəsdə olmaya da bilər. Bəzilərində öskürək, boğucu öskürək ola bilər.

- Qış mövsümündəyik. Mövsümü infeksion xəstəliklərdən qorunmaq üçün insanlara tövsiyəniz nədir?

- İlk olaraq düzgün qidalanmaq lazımdır. Yuxu rejimi normal olmalıdır. Vitamin və minerallar qəbul etmək lazımdır. D vitaminin isə analizini versinlər, əgər orqanizmdə D vitamini çatışmazlığı varsa, profilaktik olaraq D vitamini qəbul etsinlər.