BAKI, 10 iyun. TELEQRAF
“Respondentlərin 87,3 faizi 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi təklifini dəstəkləyir. 11,1 faiz bu təkliflə razılaşmır, 1,6 faiz isə bu barədə fikir bildirmir. Məktəbyaşlı övladı olan respondentlərin 90,5 faizi bu təklifə müsbət yanaşır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsi”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihəsinin ictimai müzakirəsində bildirib.
O vurğulayıb ki, respondentlərin cəmi 0,5 faizi sosial medianı uşaqlar üçün tamamilə faydalı hesab etdiyi halda, 56,5 faizi onu tamamilə zərərli sayırz
H. Hüseynli təklif olunan tənzimləmələrdən danışıb:
“16 yaşı tamam olmamış şəxslər üçün fərdi rəqəmsal hesabın yaradılması qəti qadağan edilir. 16–18 yaş arası yeniyetmələrin qeydiyyatı yalnız qanuni nümayəndənin rəsmi razılığı ilə mümkün olur.
Yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçirilir.
Azərbaycanda xidmət göstərən bütün provayderlər dövlət qeydiyyatına alınmalıdır.Xarici provayderlər ölkə ərazisində mütləq filial və ya nümayəndəlik yaratmalı, həmçinin Azərbaycan dilində fəaliyyət göstərən əlaqə mərkəzi təsis etməlidirlər. Provayderlərə yazılı xəbərdarlıq edilir. Xəbərdarlıqdan 30 gün sonra 100 000 manat, növbəti 30 gündən sonra isə 300 000 manat məbləğində cərimə tətbiq olunur”.