BAKI, 17 oktyabr. TELEQRAF
Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi nüfuzunu, müstəqil xarici siyasətinin mahiyyətini və regional təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu bir daha nümayiş etdirdi. Dövlət başçımızın çıxışında Azərbaycanın keçdiyi tarixi yol, beynəlxalq ədalətsizliyə qarşı prinsipial mövqeyi və qazandığı nailiyyətlər, müasir dünyanın aktual problemlərinə dair mühüm mesajlar öz əksini tapdı.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, Azərbaycan Avrasiya məkanında siyasi sabitliyin, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayan qüdrətli dövlətdir:
"Asiya ilə Avropanın qovşağında yerləşən ölkəmiz əlverişli coğrafi mövqeyini məqsədyönlü dövlət siyasəti ilə uzlaşdıraraq beynəlxalq nəqliyyat, enerji və kommunikasiya layihələrinin həyata keçirilməsində strateji mövqeyini möhkəmləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə bərabərhüquqlu münasibətlər qurmasına, milli maraqlarını qətiyyətlə müdafiə etməsinə və beynəlxalq proseslərdə müstəqil mövqe nümayiş etdirməsinə imkan yaradıb.
Azərbaycanın xarici siyasət kursunun əsasını dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilənin yolverilməzliyi, qarşılıqlı etimad və beynəlxalq hüququn prinsiplərinə sədaqət təşkil edir. Azərbaycan beynəlxalq münasibətlərdə ikili standartlara, ayrı-seçkiliyə və selektiv yanaşmalara qarşı ardıcıl və prinsipial mövqe nümayiş etdirir.
Prezident İlham Əliyevin Zirvə Görüşündə Azərbaycanın 30 ilə yaxın davam edən işğal dövründə üzləşdiyi ədalətsizlikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması xüsusi əhəmiyyət daşıyır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz, etnik təmizləmə siyasəti, şəhər və kəndlərimizin viran qoyulması, xalqımızın fundamental hüquqlarının kobud şəkildə pozulması onilliklər ərzində beynəlxalq təşkilatların gözü qarşısında baş verirdi. Bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin düşməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına baxmayaraq, beynəlxalq ictimaiyyət təcavüzkar dövlətə qarşı tədbirlər görmədi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin təxminən 30 il icrasız qalması beynəlxalq hüququn tətbiqində mövcud olan ciddi ziddiyyətlərin bariz nümunəsidir. Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən bu sənədlərin müddəaları beynəlxalq təşkilatların qətiyyətsizliyi və addımlar atmaması səbəbindən həyata keçirilmədi. Adıçəkilən fakt bir daha təsdiqlədi ki, beynəlxalq hüququn aliliyi yalnız onun bütün dövlətlərə münasibətdə bərabər və qərəzsiz tətbiqi ilə təmin oluna bilər. ATƏT-in Minsk qrupunun uzun illər davam edən nəticəsiz fəaliyyəti beynəlxalq vasitəçilik institutlarının ciddi uğursuzluğu kimi tarixə düşdü. Münaqişənin ədalətli həllinə nail olmaq əvəzinə, mövcud vəziyyətin qorunub saxlanılmasına xidmət edən diplomatik proses işğalın davam etməsinə şərait yaratdı. Həmsədrlərin nümayiş etdirdiyi fəaliyyətsizlik Ermənistanın təcavüzkar siyasətini daha da cəsarətləndirdi, beynəlxalq hüququn tələblərini ikinci plana keçirdi.
Xüsusilə diqqətçəkən məqamlardan biri Ermənistanın keçmiş və sonrakı rəhbərliklərinin işğalçılıq siyasətinə münasibətdə beynəlxalq dairələrin nümayiş etdirdiyi susqunluqdur. Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə hədəfə alan bəyanatları, yeni ərazilərin işğalı ilə bağlı təhdidləri və hərbi təxribatları beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi-hüquqi qiymətini almadı. 2019-cu ildə Xankəndidə səsləndirilən təxribatçı bəyanatlar və Ermənistanın hərbi rəhbərliyinin yeni müharibə çağırışları bu dövlətin sülh prosesinə münasibətinin mahiyyətini açıq şəkildə ortaya qoyurdu.
Ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyevin Avropa Parlamenti və Avropa Şurasının fəaliyyətinə dair səsləndirdiyi fikirlər beynəlxalq siyasi mühitdə hökm sürən ikili standartların mahiyyətini ifşa edən prinsipial mövqedir.
Özlərini demokratiyanın, insan hüquqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən bəzi Avropa institutlarının işğala məruz qalmış Azərbaycana qarşı qərəzli münasibəti, Ermənistanın təcavüzkar siyasətinə illərlə göstərdikləri himayədarlıq ziddiyyət yaradır. Ədalətə, obyektivliyə və hüququn aliliyinə göz yuman beynəlxalq təşkilatlar öz nüfuzlarını sarsıdır, bəyan etdikləri prinsipləri riyakarlıq nümunəsinə çevirirlər".
Deputat bildirib ki, Azərbaycan taleyini beynəlxalq dairələrin siyasi maraqlarından asılı vəziyyətdə saxlamadı:
"Ermənistanın 2020-ci ilin iyul və avqust aylarında törətdiyi hərbi təxribatların ardınca sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının uzun illər davam edən işğala qarşı haqq mübarizəsinin həlledici mərhələsi oldu. Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən diplomatik strategiyası və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbə vuruldu. Şanlı Ordumuz 300-dən artıq yaşayış məntəqəsini döyüş meydanında azad edərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi Zəfərinin siyasi təsdiqi oldu. Dövlətimiz üç il ərzində suverenliyimizin tam bərpasına sülh yolu ilə nail olmaq istiqamətində səylər göstərdi. Buna baxmayaraq, Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğu və davam edən hərbi təxribatlar təhlükəsizliyimizə ciddi təhdid yaradırdı. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində separatçı rejimin hərbi strukturları zərərsizləşdirildi, Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu və dövlət suverenliyi bərpa olundu.
Tarixi hadisə Azərbaycan dövlətçiliyinin ən böyük siyasi və hərbi nailiyyətlərindən biri olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində mühüm presedent yaratdı. Azərbaycan heç bir xarici qüvvənin iradəsinə tabe olmadan, öz milli maraqlarına və beynəlxalq hüquqla tanınmış sərhədlərinə əsaslanaraq ərazi bütövlüyünü təmin etdi. Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində xalqımızın onilliklər boyu gözlədiyi tarixi ədalət bərpa olundu.
Dövlət başçımızın Bakıda keçirilən məhkəmə proseslərinə dair fikirləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqına qarşı ağır cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması cəzasızlıq mühitinə son qoyulması istiqamətində mühüm hüquqi və siyasi addımdır.
Ölkə rəhbərimiz Cənab Prezident İlham Əliyevin bu prosesləri mahiyyət etibarilə Nürnberq tribunalı ilə müqayisə etməsi törədilmiş cinayətlərin ağırlığını və məsuliyyət prinsipinin vacibliyini bir daha ön plana çıxarır, eyni zamanda, müharibə cinayətlərinə görə məsuliyyətin siyasi mənsubiyyətdən və beynəlxalq himayədən asılı olmayaraq müəyyənləşdirilməsinin zəruriliyini gündəmə gətirir.
Otuz ilə yaxın işğala, dağıntılara və xalqımızın yaşadığı ağır faciələrə baxmayaraq, Azərbaycan müharibədən sonra Ermənistana sülh təklif etdi.
Belə bir mövqe qalib dövlətin gücünü, özünəinamını və gələcəyə yönəlmiş siyasi iradəsini əks etdirən prinsipial yanaşma idi.
Dövlətimizin əsas hədəfi ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, regionda davamlı təhlükəsizlik mühitinin formalaşdırılması və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasıdır. Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, revanşist meyillərdən uzaqlaşması və Azərbaycanın suverenliyinə hörmət göstərməsi regional sabitliyin əsas şərtlərindəndir.
Dövlət başçımız Cənab İlham Əliyevin çıxışında səsləndirdiyi mesajlardan biri də beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasını təmin edən təsirli mexanizmlərin yaradılması zərurətidir. Azərbaycan nümunəsi göstərdi ki, beynəlxalq hüququn pozulmasına vaxtında və prinsipial münasibət bildirilməməsi münaqişələrin uzanmasına, təcavüzkar siyasətin genişlənməsinə və faciələrin yaranmasına səbəb olur. Bu baxımdan dövlət başçımızın irəli sürdüyü mövqe Azərbaycanın tarixi təcrübəsinə və bütövlükdə qlobal təhlükəsizlik sisteminin gələcəyinə aid olan fundamental məsələlərə əsaslanır.
AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq diplomatiyada qazandığı etimadın və artan siyasi çəkisinin növbəti göstəricisidir. Ölkəmizin sözügedən platformaya sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər Asiya məkanında qarşılıqlı etimadın, siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın inkişafına yönəlib. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, ekologiya, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional və qlobal proseslərə konstruktiv yanaşmasını əks etdirir.
AQEM-in institusional və hüquqi əsaslarının möhkəmləndirilməsi, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi və təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində ölkəmizin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Adıçəkilən təşəbbüslər ölkəmizin milli təhlükəsizlik maraqlarını müdafiə edən, eyni zamanda, daha geniş coğrafiyada sabitliyin və əməkdaşlığın inkişafına xidmət edən məsuliyyətli beynəlxalq tərəfdaş olduğunu nümayiş etdirir.
Günümüzdə Azərbaycan qalib dövlət kimi regionun yeni siyasi reallıqlarını müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası, müasir infrastrukturun yaradılması və tarixi-mədəni irsimizin dirçəldilməsi dövlətimizin iqtisadi qüdrətinin, siyasi iradəsinin və gələcəyə hesablanmış inkişaf strategiyasının təzahürüdür. Ölkəmiz əldə etdiyimiz Zəfəri azad edilmiş torpaqlarımızın yenidən həyata qaytarılması ilə möhkəmləndirir".
Günay Ağamalı vurğulayıb ki, Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın haqq səsinin, prinsipial dövlətçilik mövqeyinin və müstəqil siyasi iradəsinin beynəlxalq miqyasda növbəti ifadəsi oldu:
"Dövlətimizin başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları heç bir geosiyasi təzyiqin, ikili standartın və xarici müdaxilə cəhdinin predmetinə çevrilə bilməz.
Prezident İlham Əliyevin dövlətçilik məharəti, milli maraqlara söykənən siyasi kursu və xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan bu gün öz taleyini müstəqil müəyyən edən, beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edən və regional proseslərin istiqamətinə təsir göstərən qüdrətli dövlətdir. Tarixi Zəfərimiz işğala son qoydu, Azərbaycanın siyasi iradəsinin, milli ləyaqətinin və dövlətçilik qüdrətinin heç bir qüvvə qarşısında sarsılmayacağını bütün dünyaya nümayiş etdirdi".