BAKI, 16 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyevin çıxışında Azərbaycanın milli-mədəni kimliyi, türk dünyası və Qafqazdakı rolu, İslam həmrəyliyinə verdiyi töhfələr, Qarabağ münaqişəsinin ağır nəticələri və beynəlxalq münasibətlərdə mövcud ikili standartlar geniş şəkildə ifadə olunub. Dövlət başçısının fikirləri Azərbaycanın yalnız öz milli maraqlarını deyil, eyni zamanda regional sabitlik və ədalətli beynəlxalq münasibətlər prinsipini müdafiə edən dövlət kimi mövqeyini nümayiş etdirir".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, çıxışda Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin xüsusi qeyd olunması milli kimliyimizin və tarixi-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini göstərir:

“Azərbaycanın həm türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim olunması isə ölkəmizin regional və beynəlxalq siyasətində çoxvektorlu, lakin milli maraqlara əsaslanan yanaşmasının mühüm göstəricisidir. Eyni zamanda İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın İƏT və ICESCO çərçivəsində fəaliyyəti, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin bu məsələyə yalnız siyasi bəyanatlarla deyil, praktiki addımlarla yanaşdığını təsdiqləyir.

Qarabağ mövzusunda Prezidentin mesajları tarixi ədalətin bərpasının Azərbaycan üçün prinsipial dövlət məsələsi olduğunu bir daha ortaya qoyur. 30 illik işğalın ağır nəticələri, Xocalı soyqırımı, Azərbaycanın dini və mədəni irsinə vurulmuş zərər, məscidlərin dağıdılması xalqımızın yaddaşından silinməyəcək faktlar kimi vurğulanır. “Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq” fikri Azərbaycanın sülhə hazır olmaqla yanaşı, öz tarixini və milli yaddaşını qorumaqda qətiyyətli olduğunu ifadə edir.

Prezidentin xarici qüvvələrin mövqeyinə, beynəlxalq təşkilatların uzun illər nümayiş etdirdiyi səssizliyə və ikili standartlara dair fikirləri də xüsusi siyasi əhəmiyyət daşıyır. Ermənistanın işğalçılıq siyasətinə uzun müddət adekvat münasibətin göstərilməməsi, Azərbaycana qarşı isə Qarabağ tam azad edildikdən sonra belə təzyiq və sanksiya cəhdlərinin ortaya çıxması beynəlxalq münasibətlər sistemində obyektivlik problemini gündəmə gətirir. Avropa Parlamentinin mövqeyinə dair sərt ifadələr isə Azərbaycanın öz milli maraqlarını və suverenliyini müdafiə etməkdə siyasi iradəsini nümayiş etdirir”.

Vasif Qafarov vurğulayıb ki, zəfər Azərbaycanın ədalətsizliyə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi baxımından çox mühüm tarixi hadisədir:

“İşğal olunmuş ərazilərin hərbi-siyasi yollarla azad edilməsi müasir dövrdə nadir hadisələrdən biri olmaqla yanaşı, separatizmin və işğalçılığın nəticəsiz qala bilməyəcəyinə dair mühüm presedent yaradıb. Separatçı rejimin rəhbərlərinin və hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi də Azərbaycanın hüquqi mövqeyinin mühüm tərkib hissəsidir.

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası zəfərin məntiqi davamıdır. Azərbaycan dağıdılmış şəhər və kəndləri yenidən qurmaqla yalnız əraziləri bərpa etmir, həm də insanların öz doğma torpaqlarına qayıdışını təmin edir. Bununla yanaşı, Azərbaycanın sülh prosesinə sadiqliyini qoruması, lakin işğal və müharibə illərində törədilmiş vəhşilikləri unutmaması ölkənin həm humanist, həm də prinsipial dövlət siyasətini nümayiş etdirir.

Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsas xəttini, milli yaddaşın qorunması, suverenliyin müdafiəsi, türk və İslam dünyası ilə həmrəyliyin gücləndirilməsi, beynəlxalq ədalətin tələb olunması və regionda davamlı sülhün təmin edilməsi bir daha aydın şəkildə ortaya qoyur".