BAKI, 15 avqust. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib.

Teleqraf xəbər verir ki, XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə sağalmaları arzulanıb.

“Bu çətin zamanda düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, - deyə XİN bildirib.

Qeyd edək ki, İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 38 nəfər ölüb, çox sayda insan yaralanıb.

İndoneziya Sakit okeandan Cənub-Şərqi Asiyaya qədər uzanan yüksək seysmik aktivlik zonası olan “Atəş halqası” üzərində yerləşir.

2004-cü ildə isə Sumatra sahillərində baş verən 9,1 bal gücündə zəlzələ tarixdə ən dağıdıcı sunamilərdən birinə səbəb olub. Fəlakət nəticəsində bölgədə təxminən 220 min insan həyatını itirib.

2018-ci ildə Lombok adasında baş verən güclü zəlzələ və ardınca gələn təkanlar 550-dən çox insanın ölümünə səbəb olub. Həmin ilin sonunda Sulavesidə 7,5 bal gücündə zəlzələ və sonrakı sunami nəticəsində isə 4 300-dən çox insan ölüb və ya itkin düşüb.